"Burada ayıb bir şey yoxdur" - "Sabah"ın problemi nədir?

19 Oktyabr 2021 19:00 Sabah 930
"Burada ayıb bir şey yoxdur" - "Sabah"ın problemi nədir?

Azərbaycan Premyer Liqasında mövsümün ən uğursuz komandası mübahisəsiz "Sabah"dır.

Pul var, şərait var, yaxşı heyət də var, amma nəticə yoxdur.

Son oyunlar Ramin Quliyevin yetirmələri pis oyun da göstərmir. Amma uğursuzluq yenə də davam edir.

Görəsən, buna əsl səbəblər nədir? Suala cavab tapmaq üçün üz tutduq təcrübəli mütəxəssisimiz Ağasəlim Mircavadova.

Zəngin təcrübəyə sahib Mircavadov Sportinfo.az-a bunları dedi:

"Sabah"ın heyəti çox yaxşıdır. Hətta mənə görə, bu baxımdan bir çox klubumuzdan öndədir. Amma biz daxildə deyilik. Ancaq oyunlara baxa bilirik.

Komandanı çalışdıran Ramin Quliyev gənc mütəxəssisdir. Öz üzərində daim çalışır. Bir insan kimi də yaxşı biridir. "Sabah" fərqli oyunlar keçirir.

Məsələn, "Neftçi" ilə görüşün ikinci hissənin sonunu çox yaxşı oynadılar. Belə oyunu niyə əvvəldən oynamırlar?

Əvvəllər bütün 90 dəqiqə təhlil olunurdu. Amma indi sistem dəyişilib. Harda zəif cəhətlər varsa, həmin dəqiqələr üzərində təhlil gedir.

Məşqlərdə də həmin boşluqlar aradan qaldırılmalıdır".

Ağasəlim bəy "Neftçi", "Qarabağ", "Şəmkir", "Xəzər Lənkəran" kimi komandalarda çalışıb. Mütləq ki, belə uğursuzluqlar onun da qarşısına çıxıb. Görəsən, həmin məqamlarda o, hansı qərarları verib?

"Məsələn, biz belə Uğursuzluq olanda məşq prosesini artırırdıq. Gün ərzində baş tutan iki məşqdən birini fərdi edirdik. Bunu futbolçuların psixoloji durumunu normal hala salmaq üçün edirdik.

Gənc məşqçilərin işləməsi sevindiricidir. Amma soruşmaq, öyrənmək də lazımdır. Burada ayıb bir şey yoxdur. Mən özüm də günü bu gün yaddan çıxan şeyləri təkrar yadıma salıram, oxuyuram.

Özümün qeydlər apardığım dəftərçəm var. İşləmirəm, amma özüm-özümü hazırlaşdırıram. Məsələn, biri nəsə soruşanda cavabım olsun.

Futbol çox dəyişib. Bu dəyişiklərdən geri qalmamaq üçün öyrənmək lazımdır".

Bu mövsüm hakim səhvlərindən ən çox əziyyət çəkən komanda da "Sabah"dır. Mircavadov "Uğursuzluqda bunun rolu nə qədərdir?" sualına isə belə cavab verib:

"Bəli, o da var. Bilirsiz, bu gün əsasən cavan hakimlərdi. Ümumiyyətlə, hakimlər cavandı, məşqçilər cavandı, futbolçular cavandı. Hamısını cavanlara həvalə etmişik.

Ona görə də bizdə problemlər olur. Biz bunu hissə-hissə etməliydik. Gənclərlə təcrübəlilərin vəhdətini yaratmalıydıq. Ən əsası gənc hakimlər qərar verəndə "mən hakiməm, vəssalam" düşüncəsilə qərar verməsinlər.

Bizim böyük hakimlik məktəbimiz olub. Eldar Əzimzadə, Tofiq Bəhramov kimi hakimlərimiz 50-60 min tamaşaçı qarşısında qətiyyətli qərarlar verirdi. İndiki gənclər 2-3 min azarkeş qarşısında belə səhvlər edirsə, deməli, psixoloji durumların düzəltmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti