"Sabah" heç kimə oyundan əvvəl uduzan komanda deyil"

10 May 2021 17:00 Sabah 544
"Sabah" heç kimə oyundan əvvəl uduzan komanda deyil"

"Oyuna çox pis başladıq. İlk hissəni bərbad keçirdik. Bu da nəticədə özünü göstərdi. Belə olmasını istəməzdik. Komanda olaraq çox üzgünük. Bizim üçün çox böyük dərs oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Coşqun Diniyev evdə "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçı barədə danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə heç-heçə etdikləri və səfərdə "Sumqayıt"a qalib gəldikləri oyunlardan sonra komandada arxayınlıq yaranmadığını bildirib:

"Açığı, bunun üçün səbəb də görmürəm. Çünki turnir cədvəlindəki mövqeyimiz ürəyimizcə deyil".

Diniyev oyun vaxtı Ağdam klubunun legioneri Abdullah Zubirlə aralarındakı mübahisəyə də aydınlıq gətirib: "Adi oyun epizoduna görə kiçik narazılıq oldu.

Bundan sonra Qara Qarayev və Maksim Medvedevlə danışdım. Onlarla heç bir problemim yox idi. Hər ikisi ilə yaxşı münasibətim var. Sadəcə, epizodu şərh edirdik".

O,"Sabah"ın "Qarabağ"a müqavimət göstərmədən məğlub olması ilə bağlı fikirlərə də münasibət bildirib. Futbolçu bu cür söz-söhbətlərin etik olmadığını vurğulayıb:

"Çempionatın sonudur, hər iki komanda qızıl medalların bir addımlığındadır. Ona görə belə fikirlər səsləndirilir. Halbuki ikisindən biri çempionluğu təmin etsəydi, belə söhbətlər olmazdı.

Hər kəsin öz fikri var, amma belə şeylər etik deyil. Biz heç kimə oyundan əvvəl uduzan komanda deyilik. Sadəcə, dünən doğrudan da matça bərbad başladıq. "Qarabağ" da öz səviyyəsini göstərdi".

"Sabah"la müqaviləsi bu ilin dekabrında başa çatacaq Diniyev komandasının uğursuz çıxışına da toxunub:

"Cari mövsümdəki uğursuzluğu növbəti çempionatda ən yaxşı nəticələrlə əvəz edəcəyimizə inanıram. Hətta buna söz də verə bilərəm" (report).

Digər Xəbərlər
Xəbər Lenti