Ramil Şeydayev...
Bu adı eşidəndə fərəhlənirdik, həmyerlimizlə qürur duyurduq.
Belə həmyerliylə necə qürur duymayasan?! 17 yaşı tamam olmamış həmyaşıdları arasında qitə çempionu adını qazandı, iki il sonra isə U-19 komandararı arasında Avropa çempionatının finalında oynadı. “Zenit”in heyətində çıxış edir, böyük gələcək vəd edirdi...
Bəli, vəd edirdi. Amma hələ ki o böyük gələcək gəlmək istəmir, Ramil bir futbolçu kimi onu sevən, xoş soraqlarını eşitmək arzusuyla yaşayan azarkeşlərin ümidlərini doğrultmur.
Bəli, “Zenit”in heyətində möhkəmlənmək, çoxsaylı legionerləri olan komandanın qol ümidinə çevrilmək asan olmayacaqdı. Bunun üçün gecə-gündüz məşq etmək, Allahın verdiyi istedaddan maksimum yararlanmaq lazım idi.
Necə ki, gürcülər, ermənilər belə edir. Rusiyadan tutmuş, Avropanın qərbindəki məşhur klublara qədər səpələnirlər, orda öz ölkələrini layiqincə təmsil edirlər.
Ramil Azərbaycan vətəndaşlığını qəbul edib, Rusiyada legioner sayılmasaydı, onun üçün hər şey fərqli ssenaridə inkişaf edə bilərdi.
Bəlkə də “Zenit”də oynamayacaqdı, amma Rusiyanın istənilən ortabab klubunun heyətində ona yer tapılacaqdı. Amma Ramil fərqli qərar verdi, Azərbaycan vətəndaşı olmağı seçdi.
Onu bu qərarı verməyə nə vardar etdi: daxilindəki vətənpərvərlik duyğusu, yoxsa AFFA-nın gözqamaşdıran təklifi? Bunu demək çətindi. Ramili nədəsə günahlandıra bilmərik.
Səbəb nə olur-olsun, adam qərarını Azərbaycan futbolu, onun milli komandası lehinə verdi. Di gəl ki, bu seçim onu futbolçu kimi geri saldı, inkişafdan saxladı.
Təxmin etmək çətin deyil ki, AFFA-nın ona verdiyi vədlər sırasında xarici klublara göndərilmək də vardı. Şeydayevi əvvəl Türkiyəyə, sonra da Slovakiyaya göndərdilər. Nə “Trabzonspor”da möhkəmləndi, nə də “Jilina”da.
“Qarabağ”da da gözləniləni vermədi. İndi də Qurban Qurbanov tənqid olunur ki, Ramilə “Qarabağ”da yetərincə şans verilmədi. Amma əyri oturub, düz danışanda bu ittihamların əsassız olduğunu görürsən.
Çempionlar Liqasının qrupunda oynayan komandanın əsas heyətində özünə yer tapmaq üçün təkcə məşqçinin sənə şans yaratması yetərli deyil.
Düşünmək olardı ki, Şeydayev üçün Rusiya futbolu daha doğmadı, orda özünü yenidən isbatlaya biləcək. Bu ümidlə onun “Krılya Sovetov”da və “Dinamo”dakı çıxışını izlədik.
Orda da alınmadı. Şeydayevin “Sabah”a dəvət olunması əla fürsət idi.
Tez-tez yerini dəyişən, fərqli komandaların heyətində özünə yer tapmağa çalışan hücumçu burda sakitcə işini görməli, onu hesabdan silməyin tez olduğunu isbatlamalıydı.
Ramil özünə gəlməli, qolları sıralamalı, “Sabah”a qələbələr qazandırmalıydı. Onun üçün elə də çətin tapşırıq sayılmırdı.
Təəssüflər olsun ki, istedadı, fiziki göstəriciləriylə öyünməyə haqqı olan hücumçunun ayağı açılmır. Çempionlat oyunlarının birində Ramili müşahidə edən dostlarımızdan birindən eşitmişdim.
Deyirdi ki, tuneldən çıxış zamanı 4-cü hakim futbolçuların geyimini yoxlayarkən Şeydayev onu rus dilində söyüşlərə qonaq edib, xeyli kobud davranıb. İnanmaq çətin olsa da, dostuma inanmalı olmuşdum.
“Sabah”ın əvəzedici komandasının “Qaradağ Lökbatan”la oyununda eyni davranışa görə hakim Ramili meydandan qovunca, dostumun sözlərini xatırladım.
Adam konkret özünü məhv etməklə məşğuldu. Əvəzedici komandada oynamaq dünyanın sonu deyil. Şeydayev “Sabah”ın əsas komandasındakı yerini itib, oyun təcrübəsinin azlığından əziyyət çəkir.
Belədə əvəzedici komandada meydana çıxmağı niyə faciəyə çeviririk? Əksinə, daha zəif rəqiblərə qarşı oynamaq, qol vurmaq, psixoloji gərginlikdən qurtulmaq olardı.
“Sabah” rəhbərliyi, komandanın baş məşqçisi Ramilin cəzalanması, əvəzedici komandaya göndərilməsi barədə hansısa qərar açıqlamayıb.
Deməli, hücumçunun əvəzedici heyətə “sürgün edilməsindən” danışmağa dəyməz. Şeydayev həmin epizodda bilərəkdən hakimi söyüb, özünü meydandan qovdurdusa, bağışlanmaz səhvə yol verdi.
Ümumiyyətlə, həmin oyunda əlinə düşən fürsəti qaçırmasına görə Şeydayevi qınamaq olar. Oynamaq, forma yığmaq və qol vurmaq bacarığını göstərmək lazım idi, hakimlə yersiz mübahisəyə girişmək yox.
“Sabah” heyətinə görə hazırkı mövqeyində qərarlaşmağa layiq komanda deyil. Həm yerlilərdən, həm də əcnəbilərdən ibarət yaxşı futbolçulara sahib komanda turnir cədvəlinin daha üst pillələrində yer almalı, mükafatlar uğrunda mübarizə aparmalıdı.
Baş məşqçinin də günahı ola bilər, rəhbərliyin də. Amma futbolçular yaxasını heç cür kənara çəkə bilməz. Onlar sonuncu pillənin danlağından, qınağından qurtulmaq üçün ikiqat əzmlə calışmalı, meydanda can qoymalıdı.
Belələrindən də ən birincisi Ramil Şeydayev olmalıdı. Həm özünün, həm də klubunun ad-sanına görə. Bir an öncə toparlan, Şeydayev. Hələ də bunun üçün şans var, unutma! (Futbol+)

