"Məlum deyil ki, "Qəbələ" o pulu verə biləcək, ya yox"

26 Noyabr 2020 16:00 Qəbələ 809
"Məlum deyil ki, "Qəbələ" o pulu verə biləcək, ya yox"

Premyer Liqada artıq 10 tur arxada qalıb, "Qəbələ" hələ də sonuncu pillədən qurtula bilmir.

Elmar Baxşıyevin komandası baxımlı oyun sərgiləsə, öz sistemini göstərə bilsə də, hələlik bunu nəticədə əks etdirməyi bacarmırlar.

Əksəriyyət bölgə təmsilçisinin oyununu bəyənir, amma stabil nəticə qazanmaq hələki mümkün olmur. Görəsən, buna nə mane olur?

Ümumiyyətlə, hazırkı "Qəbələ"nin problemi nədir? Bu və digər suallara cavab tapmaq üçün "Qəbələ"nin uzun müddət rəisi olmuş Səbuhi Səfiyarlı ilə danışdıq.

O, Sportinfo.az-a açıqlmasında ilk öncə yaxşı nəticə üçün yaxşı maliyyənin olmasını vacib amil kimi önə çəkib. "Bu ildən, bilirsiz ki, vəziyyətlə əlaqədar "Qəbələ"də şərtlər dəyişib.

Hər kəs əvvəlki "Qəbələ" ilə indikini müqayisə edir deyə, gözlənti də daha çoxdur. Amma xərclənən büdcəyə baxanda nəticə ona uyğundur. Hamı çox vaxt deyirdi ki, "niyə gəncləri oynatmırlar?".

İndi komanda gənclərə şans verir. Sadəcə, yaxşı gənc futbolçuları daha güclü komandalar götürüb. Özlərində qalan gənclər isə daha böyük tapşırıqları yerinə yetirəcək gücdə deyil. Gənclər təcrübə toplayandan, oyun planında bir qədər də irəlləyiş olandan sonra nəticə də olacaq".

Keçmiş klub rəsmisi Elmar Baxşıyevin hazırkı vəziyyətdə göndərilməsini tələsik addım sayır. "Əsas odur ki, baş məşqçi komandadan nə istədiyini bilir.

Adətən, deyirik ki, yerli məşqçilərə niyə şans vermirik?. Bir az nəticə olmayanda da deyirik ki, niyə çıxartmırlar, niyə belədir. Bu iş belədir ki, şans verilirsə, arxasında dayanmaq lazımdır.

İndi Elmardır, ona da şans vermək lazımdır. Onu çıxardıb, başqası gəlsinlə olmur. Başqası gəlsə, daha yaxşı olacağı qarantı yoxdur.

Onsuz da, komandanın potensialı daha yüksək yerlərə oynamağa imkan vermir. Mən hazırkı məqamda Elmarın çıxarılmasını tələsik addım sayardım".

Səfiyarlı "Qəbələ"nin hazırkı vəziyyətini o qədər də acınacaqlı saymır: "Çempionatda da hazırda vəziyyət elədir ki, 1 qələbə ilə xeyli irəliləyə bilərsən.

Komandalar arasındakı səviyyə fərqi o qədər çox deyil ki, hər şey əldən çıxmış olsun. Azarkeşlər əvvəlki "Qəbələ"ni görüblər deyə, indi daha yaxşı nəticələr tələb edirlər.

Amma hazırkı nəticələri pis saymaq olmaz. Düzdür, komanda sonuncu yerdə gedir. Bu da potensiala uyğundur. Sabah kiminsə gəlib daha yaxşısını edəcəyinə qarantiya yoxdur".

Həmsöhbətimiz yaxşı qurulan hücumların məntiqi sonluğa çatmamasını səviyyəli hücumçunun yoxluğu ilə əlaqələndirdi: "Bu artıq oyunçuların səviyyə fərqi ilə bağlıdır.

O səviyyə yoxdur. O səviyyə də puldur. Adeniyi indi gəlib. O da uzun müddətdir oynamır. Çətindir ona tempə düşmək. Vaxt lazımdır bunun üçün.

Onun da hələ qalıb-qalmayacağı bilinmir. Qolları müdafiəçilər, gah da yarımmüdafiəçilər vurur. Elə bir hücumçu yoxdur ki, oyunu üzərinə götürüb təkbaşına həll etsin.

Komandada oyun planı var. Görsənir ki, nə istəyirlər. Nəticə də zamanla düzələsi məsələdir. Hücum xəttinə daha yaxşı birinin gəlməyi artıqlıq eləməzdi.

Daha yaxşı hücumçu da daha yaxşı pul deməkdir. O da məlum deyil ki, hazırkı şəraitdə "Qəbələ" o pulu verə biləcək, ya yox. Sırf hücum xəttini deyə bilərəm ki, gücləndirmək olar. Digər xətlərdə sadəcə bir qədər zaman lazımdır".

Səfiyarlı "niyə komandada bir yaxşı yerli hücumçu yoxdur?" sualımızı isə belə cavablandırıb:

"Yerli hücumçu məsələsi və qapıçı bizdə problemli mövqelərdir. Bu artıq uşaq futbol məktəblərinin problemidir. Götürək, elə milli komandamızı. Yalnız Mahir Emreli var. Ramil Şeydayev də bizim məktəbin yetirməsi sayılmır".

Komandada daha çox müzakirə olunan futbolçu Cavid Hüseynovdur. Davamlı meydanda olsun düşünənlər də var, onun 90 dəqiqə çatdırmadığını fikirlərşənlər də.

Səbuhi bəy isə birmənalı şəkildə Cavid Hüseynovun "Qəbələ" üçün lazımlı futbolçu olduğunu dedi:

"O, komandaya çox kömək edir. Cavid kimi təcrübəli futbolçuya ehtiyac var. Komandanın demək olar ən təcrübəli mövqeyi orta xəttdir.

Burada Cavid Hüseynov, Asif Məmmədov və Merab Qiqauri oynayır. Cavid bir müddət formada deyildi, amma indi yavaş-yavaş formaya düşür.

Hər halda məşqçi daha yaxşı bilər. Cavid formada olmasa, ondan daha yaxşı varinat olsaydı, baş məşqçi ondan istifadə edərdi. Cavid təcrübəsi ilə, ötürmələri ilə seçilir. Mənim fikrimcə, Cavid "Qəbələ"yə lazımdır. Nə qədər oynaması isə artıq baş məşqçinin fikridir".

Digər Xəbərlər
Xəbər Lenti