Komandanı idarə edə bilmir, anarxiya yaradıb – "LİMİT"İ TÜKƏNDİ

14 Noyabr 2020 09:40 Qəbələ 1 297
Komandanı idarə edə bilmir, anarxiya yaradıb – "LİMİT"İ TÜKƏNDİ

«Qəbələ» rəhbərliyi komandanın cari mövsümdəki çıxışından kəskin narazıdır.

Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi müəyyən islahatlara hazırlaşır.

Hədəfdəki ilk və ən böyük isim isə Elmar Baxşıyevdir. Ötən mövsümün əvvəlində Sənan Qurbanovu əvəzləyən gənc çalışdıırıcı daha əvvəlkitək klubun prezidenti Fariz Nəcəfov tərəfindən rəğbətlə qarşılanmır.

Baş məşqçini onun gözündən salan yalnız nəticələr deyil. Bu, öz yerində. Komanda Premyer Liqanın ilk 9 turu ərzində cəmi 8 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Aktivində 1 qələbə, 5 heç-heçə olan kollektiv 3 dəfə uduzub. Bu isə qarşısına avrokuboklara vəsiqə məqsədi qoyulan Baxşıyevin vəziyyəti düzəltmək şansını xeyli azaldıb.

Klub prezidentini ən çox narazı salan hal nizam-intizam tədbirlərinin zəif icrasıdır. Onun fikrincə, Baxıyev futbolçulara nəzarəti itirib və onların «ip»ini xeyli boş buraxıb, indi isə yığıb-yığışdıra bilmir.

Komandanın lideri Cavid Hüseynovun «Sabah»la matçdan (2:1) sonra mətbuata verdiyi açıqlama haqlı olaraq Fariz Nəcəfovu hiddətləndirib. Adıçəkilən yarımmüdafiəçi həmin müsahibədə baş məşqçinin reputasiyasını yerdən-yerə vuran faktları dilə gətirib.

Sitat: "Qəbələ"yə qayıdandan uzun müddət sonra start heyətində meydana çıxdım. İnanırdım ki, mən oynadığım matçda qələbə gələcək. Bunu baş məşqçiyə də dedim ki, qələbə yalnız mənimlə gələ bilər (gülür). Hamı bilir ki, "Qəbələ"yə ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. İstəyim komandada birlik yaratmaqdır. Çünki bunu bacarıram. Kənarda oturub, günümü keçirmək istəmirəm. 7 oyun səbr etdim. Belə davam etsəydi, gedəcəkdim. Komandadan ayrılmaq üzrə idim. Oyundan 1 gün öncə baş məşqçi Elmar Baxşıyevlə danışdım və fikrimi bildirdim ki, mən oynamalıyam, vəssalam. Bu gücü özümdə hiss edir, özümü əsas heyətə layiq görürəm. Komandaya nə dərəcədə xeyir verəcəyimi məndən yaxşı heç kim bilməz. Sağ olsun, fikrimi dinlədi, məni start heyətə qaytardı. Nəticəni də hamı gördü. İnanıram ki, qələbələrimizin davamı gələcək. Elmar Baxşıyev oyundan sonra mənə nə dedi? Heç nə demədi. Üzünə baxdım ki, necəsən, yaxşısan? Pis ola bilməz, axı. Əla olduğunu söylədi. Uçmağa qanadı yox idi (gülür). Elmarla uzun müddət komanda yoldaşı olmuşuq. Münasibətimiz tamam başqa cür olub. "Zirə"dən ayrılandan sonra "Qəbələ"yə sırf ona görə gəldim. Şəxsən özü deyib ki, Cavid mənim komandamda olmalıdır. Oynamadıqca, əsəbiləşirdim".

«Keşlə» ilə son matçın ikinci hissəsində daha bir qalmaqal baş verib ki, bu da Baxşıyevin əleyhinə işləyib. Söhbət albaniyalı müdafiəçisi Yurgen Qoxanın komanda yoldaşları ilə mübahisə etməsi, onlarla əl-qol hərəkətləri ilə danışmasıdır.

Nəcəfov bütün bunların günahını baş məşqçidə görür. Odur ki, qarşdakı 3-4 tur Baxşıyevin müqəddəratın müəyyənləşdirmək baxımından həlledici olacaq. Ola bilsin, heç o qədər gözləmək lazm gəlmədi…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti