"Səhər açılandan gözümüz televizorda, telefonda olur"

4 Noyabr 2020 16:20 Qəbələ 586
"Səhər açılandan gözümüz televizorda, telefonda olur"

Küveytdən ayrıldıqdan sonra "Qəbələ"nin heyətinə qoşulan, amma hələ də debut şansı qazanmayan Kamal Mirzəyev Sportinfo.az-ın bu və digər mövzularla bağlı suallarını cavablayıb.

- Kamal, qısa müddətli legioner həyatından sonra yenidən Azərbaycan Premyer Liqasına qayıtdın, amma hələ də səni meydanda görə bilməmişik.

- "Mən "Qəbələ"yə qoşulanda artıq üçüncü turun oyunları keçirilirdi. Küveytdə çıxış edəndən belimdə zədə olmuşdu. Ağrılar hələ də qalırdı. Elmar müəllim sağ olsun dəstək oldu, kömək etdi. Artıq demek olar 80-90% düzəlmişəm. Hazır olmağım üçün mənə zaman verdilər. Bundan sonra oyunlara çıxıb-çıxmamağım baş məşqçinin qərarından asılıdır. Şans verilsə, bütün gücümlə meydana çıxıb komandama fayda verməyə hazıram.

- Qısa müddət də olsa Premyer Liqadan uzaq düşmüşdün. Uyğunlaşmaq çətin olmayacaq?

- Yenidən bura qayıdıb çıxış etməyim çətinlik yaratmır. Burada uzun müddət oynadığım çempionatdı. Klublara, futbolçularına və oynadıqları futbola bələdəm. Bu baxımdan əziyyət çəkməyəcəm.

- Hər iki ölkənin çempionatlarını müqayisə etsək, ortaya hansı fərqlır çıxır?

- Biz Avropa, Küveyt isə Asiya zonasıdır. Orada bir üstünlük var ki, keçən il mən orda olanda 10 komanda vardı. Artıq bu mövsümdən komanda sayı 15-ə qaldırılıb. Onlarda güc futbolu daha çox önə çıxır. Uzun oynamağa daha çox üstünlük verirlər. Bizdə isə komanda oyununa, texnikaya daha çox yer verilir. Bu da bizim avropaya yaxınlığımızla bağlıdır.

- Bundan sonra səni yenidən ölkə xaricində görə bilərik?

- İlk hədəfim yenə ölkə xaricinə çıxmaqdır. Menecerlərlə də davamlı danışıram. Bura gəlməyim də problemlərlə bağlı oldu. Küveytdə pandemiyaya görə ciddi narahatçılıqlar yarandı. Bura gələndə də başqa təkliflər haqqında heç düşünmədim. Rəhbərlik sağ olsun dedi ki, bizim yetirməmizsən istənilən vaxt qapımız üzünə açıqdır. Sağ olsun Fariz Nəcəfov, Zaur Əzizov və bütün rəhbərlik. Məni çox yaxşı qarşıladılar.

- "Qəbələ"nin çıxışını necə dəyərləndirirsən?

- "Qarabağ"ı çıxmaq şərtilə digər 7 klub bir-birindən xal ala bilər. Elmar Baxşıyev çox yaxşı kollektiv formalaşdırıb. Yaxşı komanda olmaq öncə yaxşı mehribanlıqdan keçir. Elmar müəllim də bunu çox yaxşı bacarıb. "Qəbələ"də legioner, yerli anlayışı yoxdur. Hamıya eyni gözlə baxır. Kiməsə xüsusi fərq qoyulmur.

- Artıq bir aydan artıq müddətdir hamımız fikri Azərbaycan ordusunun düşmənə qarşı apardığı əks-hücum əməliyyatlarındadır. Müharibə gündəlik həyatınıza necə təsir edir?

- Səhər açılandan gözümüz televizorda, telefonda olur. Vətən uğurunda mübarizə aparan hər kəs bizim qardaşlarımızdır. İstər-istəməz psxoloji olaraq bütün fikirlər orda qalır. Məşqdə, bazada, yolda, bir sözlə, hər yerdə söhbətimiz müharibədir. Hər kəsin düşüncəsi oradadır. Bu da oyuna və məşqə çıxmağa hardasa təsir göstərir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti