"Qəbələ" daha yaxşı olacaq, heyəti son anda gücləndirə bildik"

1 Noyabr 2020 09:20 Qəbələ 554
"Qəbələ" daha yaxşı olacaq, heyəti son anda gücləndirə bildik"

Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib. VIII turun ilk qarşılaşması Qəbələdə baş tutub.

Sportinfo.az xəbər verir ki, “Sabah”ı qəbul edən “Qəbələ” növbəti ev matçına çıxıb.

Komandalar oyundan öncə torpaqlarımızı işğaldan azad edən Ordumuza dəstək nümayiş etdirən “İlham Əliyev: Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik!” pankartını qaldırıb.

Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində 4 dəyişiklik edib. Asif Məmmədov, Yusif Nəbiyev, Cavid Hüseynov, Stefan Vukçeviç ilk “11-lik”də yer alıb. Onlar Murad Musayev, Rövlan Muradov, Faiq Hacıyev və cəzalı Merab Qiqaurini əvəzləyib.

Görüşün ilk 45 dəqiqəsi qarşılıqlı hücumlarla keçib. Qapılar önündə azsaylı epizodlar diqqət çəkib. Nikolas Rayselin uzaq zərbəsi yaddaqalan olsa da, qapının üstündən keçib.

Mərkəzdən cərimə meydanına qədər irəliləyən Asif Məmmədovun qapıçı meydançası önünə ötürməsi qolla nəticələnib. Yusif Nəbiyevin baş zərbəsi dəqiq olub – 1:0.

Bu, “Qəbələ”də 25-ci oyununa çıxan futbolçunun “qırmızı-qara” formada ilk qolu olub. Bu qoldan sonra qonaqlar daha çox hücum etsə də, müdafiə xətti etibarlı oynayıb. Fasilə ərəfəsində komandamız fərqi artırmaq imkanı əldə edib. Lakin Rafael Utziq əlverişli imkanı qaçırıb.

İkinci hissə erkən qolla başlayıb. Düzdür, Rafael Utziq daha bir əlverişli epizoddan istifadə edə bilməyib. Amma az keçməmiş komanda yoldaşından ideal ötürmə alan Nikolas Raysel qapıçı ilə üz-üzə qalıb.

Dəqiq zərbə ilə hesabdakı fərqi artıran hücumçu cari mövsümdə ilk, ümumilikdə 5-ci qoluna imza atıb – 2:0. Bu topdan sonra qarşılaşmada daha maraqlı mübarizə yaşanıb.

Bakılılar məğlubiyyətdən qaçmaq üçün daha böyük qüvvə ilə irəli atılıb. Bu, “Qəbələ”yə sürətli əks-hücumlar qurmaq imkanı verib. Rəqib hücumlarından birində Anar Nəzirov zədələnərək əvəzlənib.

Hücum zamanı Cavid Hüseynovun qarşısını kobudluqla alan “Sabah”ın futbolçusu qırmızı vərəqə alıb. Rəqib azlıqda qaldıqdan sonra “qırmızı-qaralar”ın hücumları daha təhlükəli alınıb. Roman Hüseynov və Nikolas Rayselin zərbələrində dəqiqlik çatmayıb.

Paytaxt təmsilçisi fərqi azaltmağa müvəffəq olduqdan sonra Tərlan Əhmədli iki seyvlə komandanı xilas edib. Rəqib qolkiper isə Ceyms Adeniyinin cərimə meydanı daxilindən endirdiyi iki zərbəni dəf etməyi bacarıb.

Matçın son saniyələrində isə daha bir futbolçu – Asif Məmmədov zədələnərək meydanı tərk edib. Qələbə hesabını sonadək qoruyan Baxşıyevin yetirmələri meydandan qalib ayrılıb. Beləliklə, çempionatın II dövrəsinə 3 xalla başlayan “Qəbələ” mövsümdə ilk qələbəsini qazanıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Komandanı həm məşqlərə, həm də oyuna hazırlamaq bir az çətin olur. Çünki biz də daxil olmaqla hamının bütün fikirləri Qarabağdadır.

Hər dəqiqə dualarımız, düşüncələrimiz əsgərlərimizin yanındadır. İnanırıq ki, Ordumuz millətimizi sevindirib, layiqli torpaqlarımızı qaytaracaq.

Qarşılaşmaya gəlincə, indiyədək keçirdiyimiz matçlara nəzər yetirsək, komanda olaraq çox keyfiyyətli oynayırdıq. Çalışırdıq ki, hücumda yaxşı futbol göstərək. Sadəcə qələbə çatmırdı.

Fərdi oyunçularla deyil, komanda şəklində məzmunlu oynayıb qalib gəldik. Heyəti son anda gücləndirə bildik. Yeni oyunçular gec, bəziləri II-III turda sıralarımıza qoşuldu. Futbolda oyunçulara uyğunlaşmaq üçün vaxt lazımdır.

Biz məşqlərdə görürdük ki, hansısa komponentdə daha da yaxşılaşır. Komandanın çıxışından razıyam, hücumda oynamağa çalışır. Hər oyunda 4-5 qol şansımız olur. Lakin dəyərləndirə bilmirdik. Qələbə olmayanda soyuqqanlılıq da itir.

Layiqli qələbə qazandıq. İnanıram ki, daha yaxşı olacaq. Əvəzlənən qapıçımız Anar Nəzirov dizində ağrılar hiss etdi. MRT müayinəsindən sonra durumunu dəqiq biləcəyik. Qapıçılar arasında fərq qoymuruq. Anar daha təcrübəlidir. Tərlan Əhmədli də onu əvəz edə biləcək qolkiperdir”.

“Qəbələ” – “Sabah” 2:1

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Kamran Bayramov

Dördüncü hakim: Rəvan Həmzəzadə

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Asif Məmmədov, 19 (qeyri-idman hərəkəti); Tərlan Əhmədli, 89 (oyunun bərpasının ləngidilməsi) // Nikola Vuyadinoviç, 35 (hakimin qərarına etiraz), 68 (qeyri-idman hərəkəti); Filip İvanoviç, 36 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 42 (qeyri-idman hərəkəti); Ramil Şeydayev, 82 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Nikola Vuyadinoviç, 68

Qollar: Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.

“Qəbələ”

1. Anar Nəzirov (k)

(94. Tərlan Əhmədli, 65)

11. Asif Məmmədov

74. Yusif Nəbiyev

14. Cavid Hüseynov

(7. Roman Hüseynov, 78)

99. Ceyms Adeniyi

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

(9. Ehtiram Şahverdiyev, 72)

55. İdris İnqilablı

Ehtiyat oyunçular:

28. Murad Musayev

70. Ülvi İsgəndərov

4. Sadiq Quliyev

6. Kamal Mirzəyev

22. Rodriqo Qattas

10. Rövlan Muradov

20. Faiq Hacıyev

19. Samir Qurbanov

71. Rüfət Əhmədov

Baş məşqçi: Elmar Baxşıyev

“Sabah”

1. Saşa Stamenkoviç (k)

7. Coşqun Diniyev

90. Ramil Şeydayev

14. Slavik Alxasov

13. Filip İvanoviç

23. Amadu Diallo

10. Yevgeni Koçuk

(17. Məhəmməd Mirzəbəyov, 71)

5. Nikola Vuyadinoviç

11. Ozan Can Kökcü

(18. Xulio Sezar Rodriqez, 53)

2. Amin Seydiyev

77. Veysəl Rzayev

(46. Aleksey İsayev, 46)

Ehtiyat oyunçular:

12. Alvaro Villete

94. Nicat Mehbalıyev

15. Ruslan Abışov

3. Ulise Diallo

60. Abbas Ağazadə

29. Ceyhun Nuriyev

Baş məşqçi: Visente Qomez

Digər Xəbərlər
Xəbər Lenti