"Bu heyətlə böyük məqsədlər uğrunda oynamaq mümkündür"

25 Dekabr 2020 09:20 Qəbələ 760
"Bu heyətlə böyük məqsədlər uğrunda oynamaq mümkündür"

“Qəbələ” 2020-ci ildə son oyununu keçirib.

“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XIII turunda “Səbail”lə qarşılaşıb.

Komanda ilə səfər matçı ilə yekun vurub. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində 4 dəyişiklik edib.

Tərlan Əhmədli, Asif Məmmədov, Murad Musayev və Ülvi İsgəndərov ilk dəqiqələrdən meydana çıxıb. Onlar Anar Nəzirov, Cavid Hüseynov, İdris İnqilablı və cəzalı Rövlan Muradovu əvəz edib.

Oyun qarşılıqlı hücumlarla başlayıb. Lakin ilk dəqiqələrdən “Qəbələ”nin hücumları daha yaddaqalan olub. Hər iki qapı önündə təhlükəli vəziyyətlərin yarandığı görüşdə hesab 20-ci dəqiqədə açılıb.

Sol cinahdan qapıya vurulan zərbəni qolkiper dəf etsə də, özünü yetirən Ülvi İsgəndərov hesabı açıb. Mövsümdə ilk qolunu vuran futbolçu “Qəbələ”nin heyətində ümumilikdə 6-cı dəfə fərqlənib.

Ardıcıl 7-ci görüşdə meydanı qolsuz tərk etməyən “qırmızı-qaralar” 7 dəqiqə sonra yenidən rəqib qapısına yol tapıb. Sol cinahdan qapı önünə göndərilən topu Asif Məmmədov tora qovuşdurub.

Bu, təcrübəli yarımmüdafiəçinin qonaqların heyətində 15-ci qolu olub. Buraxılan qollardan sonra meydan sahibləri fəallığı artırsa da, müdafiədə etibarlı oynayan “Qəbələ” buna kəskin hücumlarla cavab verib.

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Hesabda geri olan “Səbail” fasilədən sonra dərhal irəli atılıb. Bakılılar 53-cü dəqiqədə istəyinə çataraq Turan Manafovun qolu ilə fərqi minimuma endirib.

Paytaxt təmsilçisi məğlubiyyətdən qaçmağa çalışsa da, “qırmızı-qaralar”ın kəskin hücumları daha təhlükəli alınıb. Komandamız bir neçə dəfə fərqi artırmaq üçün əlverişli imkan qazansa da, bundan yararlana bilməyib.

Yalnız uzatma dəqiqələrində Ceyms Ademiyi şansı boşa verməyərək fərqi iki topa çatdırıb. Bu, nigeriyalının “Qəbələ”də 13-cü qolu olub. Ardıcıl üçüncü görüşdə xal qazanan “qırmızı-qaralar” xal hesabını 15-ə yüksəldərək 5-ci pilləyə yüksəlib.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Oyunun çətin keçəcəyini bilirdik. Hava şəraiti dinamik, total futbol göstərməyə mane olurdu. Üç gündən bir oynadığımız üçün heyətdə rotasiya etmişdik.

İnanırdıq ki, meydana çıxan futbolçular komanda yoldaşlarını layiqli əvəz edəcək və qələbə qazanacağıq. Qələbəyə köklənmişdik. Öz istədiyimiz məzmunlu futbolu nümayiş etdirəcəyimiz halda qalib gələcəyimizə inanırdıq.

Komanda verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Mövsümün əvvəlində heyəti ən gec formalaşdıran komanda “Qəbələ” oldu. Hətta 3-4-cü turlarda da bizə qoşulanlar var idi.

Bizə vaxt lazım idi ki, xətlərarası əlaqələri quraq. Amma ilk turlarda da baxımlı, hücum futbolu oynayırdıq. Əsas tələbimiz də odur ki, hücuma tez çıxıb, ön xətdə keyfiyyətli olaq.

İnanıram ki, bu bizim maksimumumuz deyil. Ceyms Adeniyinin səviyyəsi hamıya məlumdur. O, Azərbaycan çempionatına gəlmiş ən yaxşı futbolçulardan biridir.

Ceyms geri dönəndə də biz onun səviyyəsinə bələd idik. Lakin o bir müddət futboldan kənarda qalmışdı ki, bu da təsirini göstərirdi.

Biz ona inanırıq və komandamızda davam etməsinə şad olarıq. Sırf hücumçu deyil, hücumameylli futbolçunun komandamıza qoşulmasına məmnun olarıq.

Bu heyətlə də böyük məqsədlər uğrunda oynamaq mümkündür. Hamısı keyfiyyətli futbolçulardır. Lakin rəqabəti artırmaq üçün bir oyunçunun da olması yaxşıdır”.

“Səbail” – “Qəbələ” 1:3

“ASCO Arena”, tamaşaçısız

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Cavanşir Yusifov

Dördüncü hakim: Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr: Urfan Abbasov, 4 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 36 (qeyri-idman hərəkəti) // Murad Musayev, 16 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 56 (hakimin qərarına etiraz)

Qollar: Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.

“Səbail”

96. Nikolas Hagen

17. Elçin Rəhimli

5. Vüqar Bəybalayev

(29. Amil Yunanov, 87)

14. Rahid Əmirquliyev (k)

34. Urfan Abbasov

11. Rauf Əliyev

22. Əfran İsmayılov

(7. Mirsahib Abbasov, 84)

27. Hendrik Ekşteyn

16. Peyman Keşavarzi

9. Florian Kadriu

(20. Ruslan Hacıyev, 46)

3. Turan Manafov

Ehtiyat oyunçular:

25. Elxan Əhmədov

26. Kamal Qurbanov

28. Məqsəd İsayev

99. Bahadur Həziyev

77. Ədilxan Qarəhmədov

Məşqçi: Emin Ağayev

“Qəbələ”

94. Tərlan Əhmədli

11. Asif Məmmədov (k)

(14. Cavid Hüseynov, 86)

28. Murad Musayev

70. Ülvi İsgəndərov

(74. Yusif Nəbiyev, 90)

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

(99. Ceyms Adeniyi, 81)

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

1. Anar Nəzirov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

9. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Baş məşqçi: Elmar Baxşıyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti