"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a müsahibə verib.
- Digər Premyer Liqa klublarına nisbətən "Qəbələ"də koronavirusa yoluxma halı az yaşanır. İndi vəziyyət necədir?
- Hazırda yoluxma halı yoxdur. Simptomların hiss olunduğu futbolçuların da vəziyyəti yaxşıdır və onlarla bir yerdə komanda şəklində məşqlərimizi davam etdiririk.
- Bu il qış fasiləsi qısa müddətli olacaq. Komandanın qış toplanışını burada, yoxsa ölkə xaricində keçirəcəyi məlum olub?
- Hər zaman ölkə xaricinə getməyə öyrəşmişik. Amma indi fasilə müddəti qısa olduğuna görə, toplanış ölkə daxilində olacaq. Artıq planımız da məlumdur. Sadəcə indi komanda olaraq qarşıdakı iki oyuna köklənmişik.
- Ölkə xaricinə getməyəcəyinizə görə, toplanışın Qəbələdə baş tutacağını düşünmək olar?
- Əgər hava şəraiti imkan versə, əlbəttə ki, Qəbələdə hazırlığımızı davam etdirəcəyik. Yox, alınmasa alternativ variant olaraq Bakını seçəcəyik.
- Heyətdə hansı dəyişikləri etməyi planlaşdırısınız?
- Yox, ciddi dəyişiklik barəsində fikirləşmirik. Əksinə, büdcəmizə uyğun olsa, bir futbolçu transfer etmək istəyərdik.
- "Qəbələ"nin qol epizodlarını qaçırması ən çox müzakirə olunan məsələdir. Həmin bir transferin hücum xəttinə alınacağını proqnozlaşdırmaq olar?
- Sırf hücumçu yox, amma hücumameylli oyunçu almağı düşünürük. Nəzər yetirsək, Ceyms Adeniye Azərbaycanda tək-tük hücumçulardan biridir. İstəyərdik sağ -sol fərq etməz əsas hücumameyli futbolçu olsun.
- Adeneyidən söz düşmüşkən, onun "Qəbələ"də qalacağı dəqiqdir?
- Hələki bizimlədir və bizimlə davam edir. Onun keyfiyyətlərinə söz yoxdur. Sadəcə uzun müddət futboldan kənar qalıb. Onun acısını gələndə biz çəkirdik. Yavaş-yavaş öz formasını bərpa edir. Düşünürəm ki, bizə faydası dəyəcək.
- Elmar müəllim, aşağı yaş qrup millilərdə "Qəbələ" futbolçuları üstünlük təşkil etsə də, biz bunu əsas millidə görmürük. Sizcə, bunun səbəbi nədir?
- Bizim heyətimizdə həm təcrübə baxımından, həm də perespektiv baxımından yaxşı yerli futbolçular var. Söz sahibi əlbəttə ki, millinin baş məşqçisidir, amma bizdə də milliyə layiq futbolçular var.
- Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərini necə dəyərləndirirsiniz?
- Rəqiblərə nəzər yetirdikdə hamısı güclü millilərdi. Amma ümidsiz olmağa dəyməz. Futbol mübarizə və istək oyunudur. İnandırım ki, bunlar olandan sonra rəqiblərdən asılı olmayaraq nəticə də qazanmaq olar.
Xanoğlan İmanov

