"Hələ də özümə qaranlıq qalıb ki, De Byazi məni niyə yığmaya dəvət etmir?".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynova məxsusdur.
O, millidən kənarda qalmasının səbəbinin ona məlum olmadığını bildirib: "Ola bilsin, mövsümün əvvəlində bir neçə tur ehtiyatda qaldım və buna görə onun diqqətini cəlb etmədim.
Bizim bədbəxtliyimiz ondadır ki, yaşı 30-u keçən kimi futbolçunu siyahıdan silirik. 32 yaşım var, özümü milliyə dəvət alanların heç birindən zəif hesab etmirəm.
Təcrübə baxımından da çoxlarından üstünəm. Ümid edirəm, çempionatda özümü göstərəcəyim halda, yığmaya dönəcəm. İtaliyada, Avropada futbolçunun pasportu sənədləşmə üçün istifadə olunur.
Neçə yaşda olması heç kimə maraqlı deyil. Normal futbol oynayırsa, yeni müqavilə təklifi də alır, yığmaya da çağırılır. Yəqin ki, De Byazi də bunları bilməmiş deyil.
Milliyə yeni dəvət alan gənclərin yanında oyunu ilə o formanı geyinməyi haqq etmiş təcrübəli oyunçular da olmalıdır".

