"Başım gicəllənir, havada çox qala bilmirəm, sanki narkozdan təzə ayılmışam”

30 Noyabr 2020 18:20 Qarabağ 779
"Başım gicəllənir, havada çox qala bilmirəm, sanki narkozdan təzə ayılmışam”

“Vəziyyətim artıq yaxşıdır, özümü pis hiss etmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Azərbaycan millisinin və “Qarabağ” klubunun kapitanı Maksim Medvedev deyib.

Yığmanın düşərgəsində olarkən koronavirusa yoluxan və bu üzdən Lüksemburqda qalan 31 yaşlı müdafiəçi artıq otaqdan çıxa bildiyini söyləyib: “Yavaş-yavaş hər şey qaydasına düşür.

3-4 gündür ki, özümü yaxşı hiss edirəm. Artıq otaqdan çıxmağa da icazə verirlər. Çıxıb bir az gəzirəm. Təbii ki, 11 gün otaqda qaldıqdan sonra anidən çölə çıxmaq çətindir. Bir az başım gicəllənir, havada çox qala bilmirəm. Sanki narkozdan təzə ayılmışam”.

Medvedev bu gün yenidən test verəcəyini və Azərbaycana qayıdıb-qayıtmayacağının bundan asılı olacağını vurğulayıb: “Yavaş-yavaş məşqə başlamışam.

Sadəcə, testlərimin nəticəsi pozitiv çıxdığı üçün buranı tərk edə bilmirəm. Buna görə hava limanına getməyə icazə yoxdur. Bu gün yenidən test verəcəyəm və sabah nəticəsi bəlli olacaq. Bunun nəticəsinə uyğun qərar veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti