Abbas Hüseynov yenidən "Qarabağ"ın əvəzedici komandası ilə məşqlərə qoşulub.
Müdafiəçi nizam-intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici komandaya göndərilmişdi.
31 yaşlı futbolçunun yayda klubdan ayrılacağı gözlənilirdi.
Amma yeni komanda axtarışı hələ də nəticə vermir.
Əslində onun xidmətində maraqlı olan klublar var.
Sadəcə edilən təkliflər oyunçunu razı salmır.
Millimizin sabiq müdafiəçisi aşağı maaşa başqa kluba keçməkdənsə, "Qarabağ"ın ikinci komandasında qalıb yüksək əməkhaqqı almağı seçib.
Bu günə olan durum belədir.
Əgər Abbas istədiyi pulu verən klub olsa, "Qarabağ"dan ayrılmaq yenidən gündəmə gələcək.
2017-ci ilin yayında “Keşlə”dən (indiki adı “Şamaxı”) “Qarabağ”a keçən Abbas Hüseynov “köhlən atlar”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 182 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə ilə fərqlənib.
XANOĞLAN / SPORTİNFO.AZ
