Qurban Qurbanovun “Qarabağ”ını nəvaxtsa belə görmüsüz?

22:20 Qarabağ 145
Qurban Qurbanovun “Qarabağ”ını nəvaxtsa belə görmüsüz?

«Qarabağ»ın oyunu pis deyil indi. Çox pisdir.
İyunda böyük reformaya gedən, 8-9 nəfəri ya istəyərəkdən, ya istəməyərəkdən yola salan baş məşqçinin yenidən formalaşdırmağa çalışdığı komandanı toparlamağa, bir xəttə salmağa çətinlik çəkəcəyi gözlənilən idi, gözlənilirdi. İşlərin bu qədər tərs gedəcəyini isə qətiyyən təsəvvür etməzdik.
«Qarabağ» artıq üç oyundur ki, avrokubokloarda qol vurmur. Bu oyunlarda yaradılan qol fürsətləri isə bir əlin barmaqlarının sayından da azdır. Çox qorxulu faktdır bu.
Qurban Qurbanovun 18 illik «Qarabağ» keçmişində belə hal qeydə alınmayıb. Deməli, doğrudan da, narahat olmağa, təlaşlanmağa dəyər.
Dünənki «Dinamo Kiyev» tanıdığımız «Dinamo Kiyev»in kölgəsi də deyil. Azərbaycan Premyer Liqasında çıxış etsələr, ilk «üçlüy»ə belə, düşməzlər. Dörd-beş futbolçusu yaşıl və təcrübəli, qalanları gənclərdir - burada uzun marafona duruş gətirməzlər.
«Dinamo» kəntöy futbol oynayır. Səliqəsiz hücum qurur. Çünki yarımmüdafiə fazasında əskikləri çoxdur. Sadəcə müdafiə olunurlar: kim nə dərəcədə bacardı.
Ötən ilin yayındakı «Qarabağ» bu rəqibi diri-diri torpağın altına basdırar, üstündən də bir vedrə su içərdi, yenə də «doydum» deməzdi. Yeni «Qarabağ» isə nə ac təsir bağışlayır, nə də məqsədli. Bilmək olmur ki, nə deyib çıxıblar meydana. Yan paslarla vaxtı doldurur, düzünə oynamırlar. Üstəlik, ləngdirlər. Boş zonaya açılmaq, vaxtında ötürmə vermək, zərbə mövqeyinə çıxmaq - heç biri yoxdur. Hərəsi özü üçündür: qlobus kimi yerlərində fırlanırlar.
Belə komanda olmur. Qurban Qurbanovun «Qarabağ»ını nəvaxtsa belə görməmişəm, izləməmişəm. Vəziyyət kənardan pis və əcaib görünür. İşıqucu? Qətiyyən!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti