“Qarabağ” - 0:1 Bakı üçün hər şeyi açıq saxlayır?

17:40 Qarabağ 84
“Qarabağ” - 0:1 Bakı üçün hər şeyi açıq saxlayır?

“Qarabağ” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiyev “Dinamo”suna 0:1 hesabı ilə məğlub oldu.

Polşadakı matçın taleyini 10-cu dəqiqədə Matvey Ponomarenkonun qolu həll etdi.

Epizodda Bence Várkonyinin Mateuş Koxalskiyə geri ötürməsi uğursuz alındı, Ponomarenko isə vəziyyəti əvvəlcədən “oxuyaraq”, topa çatdı və bundan maksimum istifadə etdi.

Bu baxımdan buraxılan qol “Dinamo”nun hazırlanmış mövqeli hücumundan daha çox “Qarabağ”ın öz meydançasında etdiyi fərdi səhvin nəticəsi idi.

Ümumilikdə isə 1:0 hesabı meydandakı qüvvələr nisbətini kifayət qədər düzgün göstərirdi: “Dinamo” daha effektiv idi, amma “Qarabağ” üzərində böyük oyun üstünlüyü qura bilmədi.

Taktiki baxımdan maraqlı məqam “Qarabağ”ın topsuz və toplu oyunda strukturunun eyni qalmaması idi.

Topla hücum qurarkən cinah müdafiəçilərinin irəli çıxması ilə komanda faktiki olaraq daha geniş quruluşa keçməyə, Zubiri isə sol yarımcinahda 1v1 vəziyyətlərinə çıxarmağa çalışırdı.

Pedro Bikalyo və Marko Yankoviç ilk pas mərhələsində topu qəbul etsələr də, “Dinamo” mərkəzi sıxlaşdıraraq “Qarabağ”ın birbaşa xətlərarası ötürmələrini məhdudlaşdırdı.

Nəticədə Ağdam təmsilçisi tez-tez topu mərkəzdən cinaha çıxarmağa məcbur olurdu.

Abdullah Zubir fərdi olaraq rəqib blokunu yarmağa çalışan ən aktiv oyunçulardan idi, amma Aleksey Kaşukun mərkəzdə kifayət qədər bağlantı yarada bilməməsi səbəbindən Zubirin keçdiyi ilk rəqibdən sonra hücumun davamı hər dəfə gəlmirdi.

Hesab 0:1 olduqdan sonra “Dinamo”nun yanaşması da dəyişdi. Kiyevlilər əvvəlki qədər öndə riskli pressinq etməyərək xətlər arasındakı məsafəni azaltdılar və daha kompakt orta bloka keçdilər.

Məqsəd “Qarabağ”ın mərkəzdən Zubir və digər hücumçulara ötürmə kanallarını bağlamaq, top cinaha çıxarılanda isə həmin zonada sıxlıq yaratmaq idi.

Bu, müəyyən mənada “Qarabağ”a topa sahib olmaq imkanı verirdi, amma təhlükəli zonalarda boşluqları azaldırdı.

“Dinamo” topu qazandıqdan sonra isə mövqeli hücumu uzun müddət hazırlamaq əvəzinə daha vertikal oynamağa çalışırdı.

Yəni 1:0-dan sonra Kiyev klubunun əsas silahlarından biri Qarabağ irəli çıxarkən onun arxasında yaranacaq sahə oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti