“Qarabağ” Avropa Liqasındakı çıxışını başa vurdu.
Sofiya ÇSKA-sı ilə Bakıda qolsuz bərabərə qalan “köhlən atlar”ın səfər qarşılaşmasında qələbə qazanacağına ümid edirdik.
Lakin Vasili Levski adına Milli Stadionda keçirilən qarşılaşmada da təmsilçimiz qol istəyinə çata bilmədi.
Əsas və əlavə vaxtda qapılara qol vurulmayınca, sıra penalti seriyasına çatdı ki, daha dəqiq oynayan bolqarlar (5:4) qələbə qazanaraq növbəti mərhələyə yüksəldi.
“Qarabağ”ın yeni transferi, litvalı müdafiəçi Cebrail Makreçkis oyunla bağlı fikirlərini səsləndirib:
“Nəticəyə görə hamımız üzgünük. Düşünürəm ki, ÇSKA-dan daha yaxşı komandayıq. Oyun ərzində rəqibin ciddi şansları olmadı.
Belə matçlarda qol vurmaq mütləqdir. Bu baxımdan bəxtimizin gətirmədiyini düşünürəm. Halbuki çox sayda qol fürsətləri yaxalamışdıq.
Nə edə bilərik? Məğlubiyyət də futbolun bir parçasıdır. İndi isə bizim üçün yeni və böyük bir .şans var – bəlkə də Konfrans Liqasının əsas mərhələsinə yüksələcəyik, bəlkə də yarımfinala, hətta finala qədər irəliləyəcəyik.
Bu, bizim üçün yeni mərhələdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İndiki vəziyyətdə isə çox məyusuq”.
Avropa Liqası ilə vidalaşıb Konfrans Liqasına yuvarlanan “Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki rəqibi Kiyev “Dinamo”sudur.
İlk oyun avqustun 6-da Polşanın Lublin şəhərində, cavab qarşılaşması avqustun 13-də Bakıda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ
