Qurban Qurbanov Savonun yerinə Musanı yox, onu oynadacaq

16:40 Qarabağ 442
Qurban Qurbanov Savonun yerinə Musanı yox, onu oynadacaq

ÇSKA ilə qarşılaşmada “Qarabağ” ikiqat məyusluq yaşandı.

Penalti seriyasında uduzaraq mərhələni dayandırmaq bir yana, “köhlən atlar” “vuran ayağı”nı da itirdi.

Sofiyadakı qarşılaşmada zədələnərək meydanı tərk edən Zakaria Savonun durumuna Bakıdakı müayinədən sonra aydınlıq gəldi. Məlum oldu ki, isveçli hücum qarşıdakı 8 həftədə yaşıl meydanlardan uzaq qalacaq.

İndi həm baş məşqçi Qurban Qurbanovu, həm də futbol ictimaiyyətini maraqlandıran əsas sual Kiyev “Dinamo”su ilə matçlarda hücumun sivri ucunda kimin yer alacağıdır.

İlk ağıla gələn ad təbii ki, Musa Qurbanlıdır. Çünki Savodan başqa tipik forvard odur. Lakin Musanın hazırkı durumu, yəni xeyli vaxtdır oyun üzünə həsrət qalması əsas heyətdə meydana çıxmağa imkan vermir. Yəni Qurbanlının start heyətində yer alacağına inanmaq olmaz.

Qurbanov seçimi çox güman Renaldo Sefas olacaq.

Düzdür, hələ ki, “Qarabağ”ın əsas heyətində möhkəmlənə bilməyib. Ancaq karyerasına nəzər salan hücumçu kimi oynadığı qarşılaşmaların sayı az deyil.

Təbii ki, ona doğma olan mövqe yarımmüdafiənin cinahlarıdır. Müasir futbol dili ilə desək, sağ və sol vinger. Lakin əvvəlki klublarında forvard funksiyasını da yerinə yetirib.

Vuran ayağının olduğunu “Vestri” ilə Bakıdakı qarşılaşmada görmüşdük. Statistikasına baxanda, peşəkar səviyyədə çıxış etdiyi 177 görüşdə aktivinə 44 qol yazdırmağı bacarıb.

Bu oyunların 26-da hücumun sivri ucunda yer almaqla rəqib qapılarına 6 dəfə yol tapıb, 2 qolun ötürməsini verib.

İndiki durumda “Qarabağ” üçün ən ideal çıxış yolu “11-lik”də Sefasa hücumçu kimi güvənməkdir. Təbii ki, Qurbanov taktiki planda hansısa dəyişikliyə əl atmağı düşünməsə. Yəni görməyə alışdığımız oyun modelinə güvənsə.

Avqustun 6-da Polşadakı “Lublin Arena”da baş tutacaq “Dinamo” – “Qarabağ” duelinin start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti