UEFA “Qarabağ” üçün elə bir adamı seçib göndərdi ki...

14:40 Qarabağ 199
UEFA “Qarabağ” üçün elə bir adamı seçib göndərdi ki...

“Qarabağ”ın Konfrans Liqasında Kiyev “Dinamo”su ilə səfər qarşılaşmasını idarə edəcək hakimlər briqadası məlum olub.

Bu gün Polşanın Lublin şəhərində keçiriləcək oyun danimarkalılara tapşırılıb.

Baş hakim Morten Kroq olacaq. Yan xətlərdə ona Şteffen Bramsen və Viktor Skite kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Yakob Karlsen yerinə yetirəcək.

2016-cı ildən Danimarkanın yüksək liqa oyunlarına təyinat alan referi 2019-cu ildən FİFA referisi qismində UEFA-nın beynəlxalq görüşlərində fit çalır.

Kroqun zəngin təcrübəyə sahib olduğunu deyə bilərik. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 25 oyunda iş başında olan ədalət təmsilçisi bunların 2-sində “Qarabağ”ın matçlarını idarə edib.

İlk dəfə 2021-ci ildə, Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Bakıda baş tutan “Qarabağ” – “Omoniya” qarşılaşması danimarkalının nəzarətində olub.

Hesab 1:1 olarkən 66-cı dəqiqədə “Omoniya”nın sol cinah müdafiəçisi Kikoya ikinci “sarı”nı göstərərək onu meydandan qovub.

Say üstünlüyündən istifadə edən ağdamlılar 88-ci dəqiqədə Patrik Andradenin qolu ilə önə keçsə də, 90-cı dəqiqədə qapısında qol görüb və oyun 2:2 hesabı ilə yekunlaşıb.

Və 2024-cü ilin avqust ayı, Avropa Liqasının “Braqa” ilə səfərdəki tarixi pley-off dueli.

Morten Kroqun fiti “Qarabağ” üçün bu dəfə də düşərli olub.

Qurban Qurbanovun komandası Portuqaliyada 4:2 hesabı ilə unudulmaz qələbə qazananda, Morten hər iki komandanın qapısına penalti təyin edib ki, meydan sahiblərinin qapısına göstərdiyi “nöqtə”yə yaxınlaşan Marko Yankoviç oyunda hesabı açıb.

Odur ki, Morten Kroq “Qarabağ”I kifayət qədər yaxş.ı tanıyır. Əvvəlki görüşlərdə təmsilçimiz üçün uğurlu olduğunu deyə bilərik.

Hər halda, rəqiblərin bir futbolçusuna “qırmızı” verib, digərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

Eyni halın bu dəfə Lublində təkrarlanacağına ümid edə bilərik.

Avqustun 6-da Lublin şəhərinin eyniadlı stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti