“PAOK-la oyunlardan əvvəl “Dinamo”nu kifayət qədər yaxşı komanda sayırdım.
Amma həmin matçlardan sonra fikrim dəyişdi. “Qarabağ”ın gücünü bilirəm və hesab edirəm ki, iki oyunun yekununda qalib gəlmək şansı daha çox olan tərəf məhz onlardır.
Üstəlik, komanda gözlənilmədən Avropa Liqasında Bolqarıstan SSKA-sına uduzaraq mübarizəni dayandırdı. Buna görə də daha əsəbi və motivasiyalı olacaq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın ukraynalı sabiq baş məşqçisi Andrey Demçenko Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Kiyev) – “Qarabağ” oyunları barədə fikirlərini bölüşərkən deyib.
Ukraynanın ua-football.com saytına danışan 49 yaşlı mütəxəssis “Dinamo”nun baş məşqçisinə məsləhət verib:
“Dinamo”nun baş məşqçisinə tövsiyə edərdim ki, ötən mövsüm Çempionlar Liqasında “Qarabağ”ın “Nyukasl”la keçirdiyi oyuna baxsın. Çox nümunəvi matçdır. Orada komandanın bütün zəif cəhətlərini görmək olar”.
O, “Qarabağ”ın üstünlüklərindən də danışıb:
“Komandanın fərdi keyfiyyətləri yüksək olan çoxlu futbolçusu var. Üstəlik, komanda oyunu da əla qurulub. Qurban Qurbanovun futbolçuları həm topla, həm də topsuz nə etməli olduqlarını yaxşı bilirlər. Hücum xəttində fərdi bacarığı hesabına oyunun taleyini həll edə bilən texnikalı futbolçular çıxış edir. Əksər matçlarda bir nömrə ilə oynamağa və yüksək pressinq tətbiq etməyə çalışırlar. Dinamik və xarakterli komandadırlar. Ötən mövsüm “Sabah”a 0:3 hesabı ilə uduzduqları oyunu 3:3-ə çevirə bildilər. Əgər “Qarabağ” rəqibin zəif yerini tapsa, onu çətin anlar gözləyəcək”.
Demçenko bildirib ki, “Qarabağ” özü kimi yüksək pressinq tətbiq edən rəqiblərə qarşı oynamağı sevmir:
“Qurban Qurbanov Kostyukdan ("Dinamo"nun baş məşqçisi İqor Kostyuk nəzərdə tutulur - red.) qat-qat təcrübəlidir. O, uzun illərdir klubdadır və mövqeyi çox möhkəmdir. Halbuki Kostyukun istefaya göndərilə biləcəyi barədə yayılan söz-söhbətlər “Dinamo”nun xeyrinə deyil. Bununla belə, belə söhbətlər onu səfərbər etməlidir. Bu oyun Kostyuk üçün peşəkarlığını və təzyiq altında işləmək bacarığını göstərmək baxımından ciddi sınaq olacaq”.
"Dinamo" ilə "Qarabağ" arasında ilk matç bu gün Polşada Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.
