«Qarabağ» son 12 ildə avrokubokların qrup mərhələsinin daimi iştirakçısı olan azsaylı klublardan biridir.
Keçən zaman kəsiyində Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində mübarizə aparıblar.
Bu mövsüm ölkə çempionu titulunu əldən verən, qitə macərasına Avropa Liqasından başlayan «köhlən atlar» müvazinətini qoruya bilmədi.
Qitənin reytinqinə görə ikinci dərəcəli turnirinə ikinci etapda vida etdilər. Sağollaşma prosesi Sofiyada - Bolqarıstanın qədim paytaxtında baş verdi.
Bu, CSKA-nın oyunun tempini aşağı salmaq və “Qarabağ”ın hücum ritmini pozmaq bacarığı idi. Ev sahibləri uzun müddət topa sahib olmağa çalışmadı.
Əvəzində müdafiə xətlərinin arasındakı məsafəni minimuma endirdi, təhlükəli zonalarda ikinci topları topladı və “Qarabağ”ın mərkəzdən kombinasiyalar qurmasına maneə yaratdı.
“Qarabağ” topa sahib olsa da, bu üstünlüyün böyük hissəsi rəqibin müdafiə blokunun qarşısında və cinahlarda baş verdi.
Yəni topa sahibolma göstəricisi yüksək idi, lakin bütün epizodlarda müdafiəni yaracaq qədər təhlükəli və vertikal xarakter daşımırdı.
«Qarabağ»ı dayandıran daha bir məqam komandanın hazırda keçdiyi böyük heyət yenilənməsidir.
Yay transfer dövründə Kamil Duran, Leandro Andrade, Toral Bayramov, Emmanuel Addai, Kevin Medina və digər futbolçular komandadan ayrılıb. Xüsusilə Duran və Andrade hücum xəttində sürət, fərdi keyfiyyət, qol və məhsuldar ötürmə baxımından vacib fiqurlar idi.
Onların yerinə Zakariya Savo, Jali Muaddib, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Cebrail Makreckis və digər yeni futbolçular heyətə cəlb olunublar.
Bu qədər çox dəyişikliyin qısa müddətdə avtomatik şəkildə işlək mexanizmə çevrilməsini gözləmək düzgün olmazdı.
Yeni futbolçuların Qurban Qurbanovun mövqe oyunu, pressinq prinsipləri, topsuz hərəkətləri və sürətli ötürmə futboluna tam uyğunlaşması üçün vaxta ehtiyac var.
SPORTİNFO.AZ

