Hələ Bakıdakı oyundan sonra “Qarabağ”ın işinin çətin olacağı məlum idi.
ÇSKA müdafiə olunmaq bacarığını ortaya qoymaqla yanaşı, əks-hücumlarda təhlükəli effekti yaradıb “köhlən atlar”ı həyəcanlandırmağı bacarmışdı.
Məlum məsələydi ki, Sofiya komandası “Qarabağ”a güclü və ciddi rəqib kimi yanaşıb, sanki “Çelsi”yə qarşı mübarizə aparırmış kimi oynayacaqdı. Bolqarlar üçün vacib olan qapısından top buraxmamaq, mərhələnin taleyini penaltilər seriyasında olsa belə, həll etmək idi.
Bu, onlarda alındı. 210 dəqiqə ərzində rəqib qapısına yol tapa bilməyən ağdamlılar “lotereya”da uduzdu.
Elə bilirsiniz klub rəhbərləri, rəsmilər, baş məşqçi Qurban Qurbanov gedişatın bu cür olacağını hiss etməmişdi?
Bəli, bu “Qarabağ” ötənilki “Qarabağ”ın yarısı deyil. Nə oyun, nə ruh, nə istək, nə də bitiricilik – heç birini əvvəlki ilə müqayisə edə bilmərik.
Zarafat deyil, komandaya səkkiz yeni futbolçu qoşulub. Baş məşqçinin oyun fəlsəfəsini mənimsəmələri, avrokubok təcrübəsi toplamaqları, ab-havaya uyğunlaşmaqları müəyyən zaman alacaq.
Zakaria Savo, Jali Muaddib, Renaldo Sefas, Bruno Lanqa kimi əcnəbilər müxtəlif keyfiyyətlərinə görə fərqlənir. Hiss olunur ki, “Qarabağ”a fayda verəcəklər. Lakin bu gün avrokubok tələblərindən çox-çox uzaqdırlar. Avropanın həyəcanını boğmaq potensialları yoxdur.
Şəxsi fikrimdir, ÇSKA səddinin keçilməməsində əsas rolu qlobal dəyişikliklər oynamadı. Start “11-liy”ində cəmi iki yeni transfer yer almışdı – biri Bense Varkonyi idi, digəri Zakaria Savo.
Varkonyi bu dəfə də möhtəşəm oynamaqla komandaya fayda verəcəyini göstərdi. Savo da pis deyildi, sadəcə həlledici anlarda məsuliyyəti üzərinə götürməyi, rəqib qapıçını məyus etməyi bacarmadı.
“Qarabağ”ın başlıca problemi kollektivdə dirijorun olmaması, Kadi Borges, Abdullah Zubir və Aleksey Kaşukun imkanlarından çox-çox aşağı səviyyədə çıxış etməsidir.
Oyuna rəng qatmalı olan adamlar cinahlarda yer alan Zubirlə Kaşuk etməli, oyun quruculuğunun öhdəsindən Kadi gəlib, qapıya zərbələr vurmalı, komanda yoldaşlarını ötürmələrlə “qidalandırmalıydı”.
Yəni “Qarabağ”da hər nə qədər yeni futbolçular olsa da, “köhnələr”in lazımi effekt verməməsi, bəlkə də bundan sonra verə bilməyəcəyi “Qarabağ” üçün ciddi siqnaldır.
Təcrübəlilər gözlənilən effekti verməyəndən sonra yenilərdən nə gözləyəsən?
HƏBİB
“Qarabağ”ın kölgədə qalan problemləri – 1,2 3...
“Qarabağ”ın Sofiyada ÇSKA-ya məğlub olması “Zirə”ylə “Neftçi”nin mərhələyə adlaya bilməməsini unutdurdu.
Çünki “Qarabağ”a böyük ümidlər bəslənirdi. Ötn mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən komandanın bu dəfə ən pis halda Avropa Liqasının əsas mərhələsinə yüksələcəyi ehtimal olunurdu.
“Köhlən atlar”ın Avropa Liqasından Konfrans Liqasına yuvarlanmasının səbəbi böyük əksəriyyət tərəfindən heyətdəki qlobal dəyişikliklərlə əlaqələndirilir.
Bəli, bu, vacib səbəblərdən biridir. Lakin bütün ağırlığı yenilənmənin üzərinə yıxmaq da doğru deyil.
* “Qarabağ”da son dövrlərdə intizam və davranışlarla bağlı ciddi narahatlıq yaşanır. Bir neçə ay əvvəl Elvin Cəfərquliyevlə Abbas Hüseynovun baş məşqçi Qurban Qurbanovun qəzəbinə tuş gəlməsi müəyyən söz-söhbətlərə yol açmışdı. Həmin söhbətin “təri qurumamış” bu dəfə Joni Montinellə bağlı müəmma yaşandı. İspan yarımmüdafiəçi “Vestri” ilə matçları kənardan izlədi, komandanı tərk etmək istədiyi yazıldı, lakin ÇSKA ilə görüşlərdə Elvin kimi, o da şans qazandı.
* Uzun müddətdir “Qarabağ”da yer alan bəzi futbolçuların imkanlarından aşağı çıxış etməsi, ya da gözlənilənləri verməməsi komandanın çıxışına birbaşa təsir edir. Konkret adlara varsaq, Abdullah Zubir, Kadi Borges və Aleksey Kaşuku barmaqla göstərmək olar.
Zubirin keçmiş günlərindən uzaq düşməsi təbii ki, yaşla bağlıdır. Cinahda yer alan 34 yaşlı futbolçu 5 il əvvəlki effekti verə bilməz. Üstəlik, hər oyunda ona xüsusi diqqət ayrılırsa.
Başı pul qazanmağa qarışan Kadi ilə 4 illik müqavilənin bağlanması heç bir halda doğru deyildi. Ağırlaşan, top itkilərinə yol verən, təhlükə yaratmaqda çətinlik çəkən braziliyalı “Qarabağ”ın orta sahədəki yükünü daşımaqda çətinlik çəkir.
Kaşukun “Sabah”dakı oyununu görənlər “Qarabağ”dakı çıxışına baxıb iki əllə başını tutur. Solaxay ukraynalı Leandro Andradenin etdiklərinin yarısını reallaşdırmaqda çətinlik çəkir. Bəzən adama elə gəlir, ki, Kaşuk başqa komandanın futbolçusudur, Qurban Qurbanovdan xahiş ediblər ki,1-2 oyun “Qarabağ”da çıxış etsin.
* Son aylarda “Qarabağ”ın qapısını döyməyən qalmayıb. Aparıcı futbolçulardan bir neçəsi gedib, daha bir neçəsinə təklif göndərilib. Adamlar bilmir futbolçu satsın, bilmir oyunçu tapsın, bilmir qarşıdakı rəqibləri təhlil edib oyunlara hazırlaşsın. Komandanı, yəni futbolçuları oyuna kökləmək, kollektivdə avrokubok ab-havası yaratmaq müşkülə çevrilib. Bir ayın içində üç futbolçunun – Toral Bayramov, Leandro Andrade, Kamilo Duranın satışı, onlarla bağlı aparılan danışıqlar və müzakirələr ümumi ab-havaya təsirsiz ötüşməyə bilməzdi.
* Yeni gələnlər ümumilikdə pis təsir bağışlamır. Hiss olunur ki, gələcəkdə “Qarabağ”a fayda vermək potensialına sahibdirlər. Ancaq hazırkı durumları avrokubok tələblərinə cavab vermir. Həlledici anda ötürmə vermək, dəqiq zərbə vurmaq, məsuliyyəti üzərinə götürmək – bu və digər amillər müəyyən qədər təcrübə tələb edir. Məsələn, ÇSKA ilə oyunlarda gördüyümüz Zakaria Savo hara Olavio Juninyo ilə Kamilo Duran hara? Arada yerlə-göy qədər fərq var? Yaxud Jali Muaddibi Leandro Andrade ilə müqayisə edə bilərikmi? Bruno Lanqa Elvin Cəfərquliyev qədər effektlidirmi?
İndiki durumda tələblərə cavab verməkdə çətinlik çəkirlər. Zaman keçdikcə, bu cür sınaqlarla üz-üzə qaldıqca, bərkiyəcəklər, öyrənəcəklər.
Deməyim odur ki, bu gün “Qarabağ”ın əsas problemi təkcə heyətin yenilənməsi ilə bağlı deyil. Görünən və görünməyən çox səbəblər var.
HƏBİB / SPORTİNFO.AZ

