Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Ukraynadan “Dinamo” (Kiyev) olacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA-ya (Sofiya) penaltilər seriyasında 4:5 hesabı ilə uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.
“Dinamo” (Kiyev) isə Avropa Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın PAOK komandası ilə qarşılaşıb.
Ukrayna təmsilçisi iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasına yuvarlanıb.
Beləliklə, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və “Dinamo” (Kiyev) üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.

