Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək ÇSKA (Sofiya) – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.
Bu gün Sofiyada baş tutacaq qarşılaşma Belçikadan olan hakimlərə həvalə olunub.
Görüşü Bram Van Drişşeyə idarə edəcək.
Yan xətlərdə ona Mişel Seldreyers və İv De Neve kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Kevin Van Damme yerinə yetirəcək.
2010-cu ildən hakimlik edən 41 yaşlı referi 2015-ci ildən Belçikanın yüksək dəstə oyunlarına təyinat alır, 2019-cu ildən FİFA referisi statusunu daşıyır.
Karyerası ərzində 338 oyun idarə edən Van Drişşenin beynəlxalq arenalardakı təcrübəsi az deyil.
Milli və klub səviyyəsində 20-dən çox matça təyinat alan referinin yolu bizimkilərlə heç vaxt kəsişməyib. O, ilk dəfə Azərbaycan təmsilçisinin görüşündə fit çalacaq.
Əvəzində, ÇSKA ona tanışdır. Bolqarların 2022-23 mövsümündə, Konfrans Liqasının 2-si təsnifat mərhələsindəki oyununu idarə edib.
Şimali Makedoniyada “Makedoniya” ilə ÇSKA arasında baş tutan duel qolsuz bərabərliklə başa çatıb. Belçikalı ədalət təmsilçisi “Makedoniya”nın futbolçusuna qırmızı vərəqə göstərməklə yadda qalıb.
Yeri gəlmişkən, bu hakim penalti məsələsində amansızdır. İndiyə qədər əsas söz sahibi olduğu 338 oyunda 113 dəfə “nöqtə”ni göstərib. Hər 3 matça 1 penalti. Bu, hakimlər üçün ortalamadan yüksək rəqəm hesab olunur.
Ümid edək ki, bu axşam təyin edəcəyi penalti “Qarabağ”ın xeyrinə olacaq.
Bu gün Vasili Levski adına Milli Stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Bakıdakı ilk oyunda qapılara qol vurulmadığını da diqqətinizə çatdıraq.
HƏBİB / SPORTİNFO.AZ

