Bəhlul Mustafazadə qarşıdakı 6 ayda meydana ayaq basa bilməyəcək.
O, hələ zədələnməmişdi, hər oyunda meydana çıxırdı,
Qurban Qurbanov müdafiənin mərkəzinə iki transfer etmək istəyirdi. İş belə gətirəndən sonra baş məşqçinin planları dəyişmiş kimi görsənir. Gərək 3 stopper alsın.
Bəhlul «aman, Tanrım, olmazsa olmaz» deyə biləcəyimiz müdafiəçi deyil.
Çempionlar Liqasının əsas mərhələsində ən çox qol buraxan komanda «Qarabağ»dırsa, Bəhlul Mustfazadə-Kevin Medina duetinə etilbar etmək qeyri-mümkündür.
Bəhlulsuz arxa zona lap «karvansaray»dır. «Qarabağ» onun yoxluğunda 10 qol görüb qapısında. «Nyukasl»la Bakıdakı ilk matçın əvvəlində zədə aldı, daha 3 qol buraxdılar. İngiltərədəki səfrə matçında 3 qol daha.
«Sabah»la qarşılaşmada da eyni sayda qol. «Şamaxı» ilə dünənki kubok görüşündə də 1 qol.
Bu, əsl biabırçılıqdır! Qurbanov hansı bölgədə nə dəyişiklik edir etsin, birinci zonanı təpədən-dırnağa yeniləməsə, onu çox ağır günlər gözləyəcək.
Problem komandanın başından girib, ayağından çıxacaq.
Hücumçu da, yarımmüdafiəçi də, qapıçı da gec tapıla bilər, ilk növbədə müdafiəçi(lər) alınmalıdır ki, növbəti avrokuboklar mövsümündə rəzalət yaşanmasın.
Allahın möcüzəsidir ki, «Qarabağ» bu stopperlərlə Çempionlar Liqasında pley-off mərhələsinə qədər gedib çıxdı.
Mateuş Koxalski də Yaradanın Qurbanova bir lütfü oldu. Polşalı qapıçının yerində Şahruddin Məhəmmədəliyev, yaxud Fabiyan Buntiçt təsəvvür edin, «Qarabağ» seçmə mərhələnin ikinci-üçüncü turunda dayanacaqdı.
MUSA

