“Rəqib məşqçinin qeyri-etik hərəkəti ilə bağlı nəsə deməyim düzgün olmaz.
Hərə öz mədəniyyətini göstərir, belə halların yaşanması xoş deyil”.
Sportinfo.az xəbər verir ki, bu sözləri fQarabağ”ın forvardı Musa Qurbanlı deyib.
Hücumçu evdə “Sabah”la 3:3 hesablı bərabərlik haqda fikirlərini də bölüşüb:
“Maraqlı və gərgin oyun keçdi. Qələbə qazanmaq bizim üçün çox vacib idi.
Amma elə oldu ki, 3 top geriyə düşdük. Ən azından xarakter göstərərək, məğlub olmadıq. Belə oyunlar nə qədər çox olsa, çempionatımız bir o qədər maraqlı keçər”.
O, meydanda yaşanan gərginliyin nəticəyə təsir etdiyini söyləyib:
“Meydanda aranın qarışması bizim 4-cü qolu vurmağımıza mane oldu. Temp düşməsəydi, bəlkə qələbə qolunu vurmuşduq.
Lakin bu cür gərgin oyunda belə halların yaşanması normaldır. İstər-istəməz texniki heyətdən tutmuş futbolçulara kimi heç kim emosiyalarına hakim ola bilmir.
Hətta belə olaylar matça bir qədər də maraq qatır. Eyni zamanda azarkeşlərimizə təşəkkür edirəm.
Belə atmosferdə oynamaq möhtəşəmdir. Kaş bütün oyunlarda belə azarkeşlər görərdik”.

