"Qarabağ" "Sabah"a 0:3 məğlub olduğu matçda əksəriyyətin gözləmədiyi geridönüşlə yadda qaldı.
Ağdam klubunda oyunun ən yaxşısı Kamilo Duran idi.
Kevin Medina müəyyən səhvlərinə rəğmən yenə döyüşçü ruhu ilə yoldaşlarını arxasınca daşıdı.
Bir də əcnəbilərin kölgəsində qalan Musa Qurbanlı var.
Niyəsə barəsində çox danışılmır, gördüyü işlər diqqət çəkmir.
Bilməyənlər agah olsun, o, bu mövsüm "Qarabağ"ın açar oyunçusudur.
Ən çətin məqamda meydanda sözünü deyən adamdır.
Sözün həqiqi mənasında xilaskarıdır.
Ağdam klubu ötən ay heç vaxt olmadığı qədər ağır qrafikdə meydana çıxmalı oldu.
İngiltərə ilə Azərbaycanın arasında qalan "atlılar" 3 gündən bir meydanda olmalıydı.
Qurban Qurbanov bilmirdi uzaq səfərlərin dərdini çəksin, fiziki-mental yüklənməndən çıxış yolları barədə düşünsün, yoxsa rəqibləri analiz etsin.
Digər tərəfdən də ağır hava şərtləri "Qarabağ"ın başının üzərini kəsmişdi.
Bu qədər problemlər fonunda Qurbanlı komandanı çiynində daşımaq missiyasını üzərinə götürdü.
Məsuliyyətdən qaçmadı.
Atasının dar günündə dayağına çevrildi.
23 yaşlı hücumçu ilk qəhrəmanlığını Şamaxıda etdi. Ölkə Kubokunun 1/4 final mərhələsinin ilk matçında komandası 0:2 geridə olduğu, yaxşı oyun keçirmədiyi məqamda təsəlli qolunu vuraraq cavab görüşü öncəsi şansları bir xeyli artırmış oldu.
Ardınca Qubada səhnəyə çıxdı. "İmişli" ilə səfər görüşündə meydanda azlıqda qalan "Qarabağ"ın xal itirməsi an məsələsi idi. 65-ci dəqiqədə meydana daxil olan Qurbanlı 81-ci dəqiqədə vurduğu baş zərbəsi ilə komandasını qızıl dəyərində 2 xal itkisindən xilas etdi.
Ən son "Sabah"la mövsümün oyununda yenə səhnədə Qurban Qurbanovun oğlu vardı.
62-ci dəqiqədə oyuna qoşulan millimizin üzvü 84-cü dəqiqədə bərabərlik qolunun müəllifi oldu.
"Qarabağ"ın bu mövsüm ikinci heyətinin zəif olmasından hamı agahdır.
Amma həmin zəiflər içində Musa kimi inkişafda olan, nəticələrə birbaşa təsir edən birinin olmasını da mütləq görmək, qeyd etmək lazımdır.
XANOĞLAN İMANOV

