“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirilən oyunlardan sonra İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini açıq şəkildə bəyan edib.
Koxalski "Nyukasl"a qarşı oyundan sonra Eddi Hauya müraciətlə, "gəl və məni apar" ifadəsini işlədib.
İki oyunun cəmində qapısından doqquz qol buraxmasına baxmayaraq, 25 yaşlı qolkiper göstərdiyi oyunla rəqib tərəfin rəğbətini qazanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərənin "The Sun" nəşri yazıb.
Koxalskinin performansı xüsusilə “Nyukasl”ın ulduzu Entoni Qordon tərəfindən yüksək qiymətləndirilib. Bakıda keçirilən və “Qarabağ”ın 1:6 hesablı məğlubiyyəti ilə başa çatan ilk görüşdə polşalı qapıçı komandasının ən yaxşısı olub.
O, həmin oyunda səkkiz seyv edərək hesabın daha da böyüməsinin qarşısını alıb. Çərşənbə axşamı baş tutan cavab qarşılaşmasında (2:3) isə o, daha beş dəfə komandasını qoldan xilas edib.
Hazırda “Nyukasl”ın baş məşqçisi Eddi Hau yeni qapıçı axtarışındadır. İcarə əsasında komandada olan Aaron Ramsdeylin çıxışı rəhbərliyi tam qane etmədiyi üçün klubun transfer siyahısında “Mançester Siti”nin üzvü Ceyms Traffordun da adı var.
Lakin Koxalski bu çıxışı ilə həm Haunun, həm də digər Premyer Liqa klublarının diqqətini çəkəcəyinə ümid edir.

