"Ümumiyyətlə, belə planım yoxdur" - Qurban Qurbanov

15 May 2022 20:35 Qarabağ 826
"Ümumiyyətlə, belə planım yoxdur" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Hiss olunurdu ki, həyəcanlı və istəkli idilər. "Səbail"ə də uğurlar arzu edirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis son turda "Neftçi" ilə görüşdə yalnız gənc futbolçulara şans verməyi düşünüb-düşünmədiyi barədə sualı belə cavablandırıb: “Ümumiyyətlə, belə planım yoxdur. Əvvəl də bildirmişdim ki, çempionatın sonuna yaxın futbolçuları öz idman formalarından uzaqlaşdırmaq olmaz. Görürsünüz ki, hər oyunda heyətdə rotasiya edirəm. Növbəti matçda az oynayan futbolçular meydanda olacaqlar. Bir-iki nəfəri çıxmaq şərtilə bütün futbolçular yetərincə oynayırlar”.

Qurbanov futbolçuları Toral Bayramov və Riçard Almeydanın yorğun olduqlarına görə meydanı axsayaraq tərk etdiklərini deyib: “Toral və Riçardın zədəsi yoxdur. Yorğunluqdandır. Əzələlərində sudurqa tutub”.

Çalışdırıcı bildirib ki, 28-ci turda “Neftçi” ilə oyun üçün komandanın heyətində dəyişikliklər olacaq: “Böyük ehtimalla, meydana eyni heyətlə çıxmayacağıq. Heyətdə dəyişikliklər olacaq.

Q.Qurbanov “Səbail”lə matçı buraxan futbolçularından Marko Veşoviçə istirahət verdiyini, Abbas Hüseynovun isə zədəli olduğunu bildirib: “Veşoviçə istirahət vermişdim. Abbas isə zədəlidir. Azərbaycan kubokunun finalında oynamaq ehtimalı var. Amma hələ komanda ilə məşqlərə başlamayıb. Yəqin ki, 23-lükdə olacaq. Lakin, əsas heyətdə oynayacağına inanmıram”.

Baş məşqçi ölkə kubokunun final oyununa görə Qəbələyə 1 gün əvvəl yollanacaqlarını deyib: “Qəbələyə 1 gün əvvəl gedəcəyik. Proqramımız belədir”.

Digər Xəbərlər
Xəbər Lenti