İdman nazirliyi milliyə necə problem yaradır? - Dərdimiz böyükdür

02:10 Problem 119
İdman nazirliyi milliyə necə problem yaradır? - Dərdimiz böyükdür

Kimsə qəbul edər, kimsə yox, amma dünya çempionatının aşkar favoriti, ən güclüsü Fransa yığmasıdır.

Fors-major hadisə baş verməsə, çempionluğu məhz bu yığmanın qazanmağı daha real görünür.

Fransa rəqiblərini bir-bir sıradan çıxardıqca, onların ətrafında söz-söhbətlər də böyüməyə başlayıb. Fransanı "Afrika yığması" adlandırırlar, uğurların başqa millətlərdən olan futbolçuların hesabına qazanmalarına eyham vururlar.

İspaniyanın sabiq baş naziri Mariano Roha da Fransa yığması ilə bağlı suala atmacalı cavab verib:

"Bu dünya çempionatında onlar keçirdikləri bütün oyunlarda qalib gəliblər və FIFA reytinqində birinci yeri tuturlar. Heyətləri də çox yüksək səviyyəlidir. Bununla belə, onların sırasında bir nəfər də olsun fransız futbolçu yoxdur. Buna baxmayaraq, çox yaxşı oynayırlar və çox təhlükəli rəqib olacaqlar".

Fransa səfirliyinin cavabı gecikməyib:

"Mübahisəyə girmək istəmirik, amma faktları xatırlatmaq yerinə düşər. Yığmamızın bütün futbolçuları Fransa vətəndaşlarıdır. Komandadakı 26 futbolçudan 23-ü Fransa ərazisində anadan olub. Fransa hüdudlarından kənarda doğulan digər üç futbolçu da ölkəmizin vətəndaşıdır."

Əslində, tək Fransa deyil, əksər yığmaların heyətində də oxşar mənzərəni müşahidə etmək mümkündür. Sadəcə Fransa bu prosesin ən parlaq nümunəsidir. Bu məsələdə bizim də nəticə çıxarmalı olduğumuz məqamlar var.

Hər bir yığma komandada 3 kateqoriya futbolçular yer ala bilər - 1: ölkəndə doğulub bu millətdən olan, 2: başqa millətdən olub, amma sənin ölkəndə doğulan vətəndaşın, 3: başqa ölkədə doğulub sənin millətinin nümayəndəsi. Şərti olaraq desək, bizim Qara Qarayev, milliyəti rus, amma bizim vətəndaş olan Maksim Medvedev və Rusiyada doğulub yetişən Emin Mahmudov. Təəssüf ki, AFFA-nın sabiq idarəçisi Elxan Məmmədov daha irəli gedərək, millətimizə və ölkəmizə heç bir aidiyyəti olmayan yüzlərlə futbolçuya Azərbaycan pasportu verməklə bu məsələdə də biabırçı vəziyyət yaratmışdı.

Fərid Qayıbov Gənclər və İdman naziri təyin olunduqdan sonra bunun qarşısı alındı. Alqışlanası haldır. Hansısa xorvatın, braziliyalının, dağıstanlı, rus, fars və digər millətdən olanların bizim yığmamızda nə işi...

Lakin nazirlik vəziyyəti düzəltmək istərkən bu məsələdə "baltanı lap kökdən vurub". Bəlkə də həmin vaxt doğrusu məhz bu idi. Məsələ orasındadır ki, AGİN başqalarına pasport verməməklə yanaşı, özümüzünkülərə də problem yaradır bu məsələdə. Rusiya, Almaniya və başqa ölkələrdə yaşayan xeyli həmyerlimiz var ki, məhz pasport məsələsinə görə onlardan yararlanmaq olmur. Məsələn, Əşrəf Hakimi İspaniyada doğulub, "Real" Madrid məktəbini keçib, bu gün də vətəni olan Mərakeşin şərəfini qoruyur. Burada pis nə var ki... FİFA özü də hər hansı futbolçunun hətta nənəsi və babasının aid olduğu ölkənin sıralarında çıxışına icazə verir.

AFFA və AGİN bu məsələyə daha həssas yanaşmalı, sıx əməkdaşlıq etməlidilər.

Təbii ki, ciddi nəzarət mexanizmi olmalıdır. Amma millinin qapıları başqa ölkədə doğulan hər hansı azərbaycanlının üzünə bağlı qalmalı deyil (sportal.az).

Həmid

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur