Gəncəli futbolsevərlər ayağa qalxıb.
Qərbin paytaxtından ölkənin paytaxtına atılan daşlar AFFA-nın inzibati binasının divarlarına dəyib yerə düşür.
“Kəpəz” qarşıdakı iki ev oyununu Gəncədə yox, Qəbələdə keçirəcək. Sonrakı mərhələdə nələrin baş verəcəyini aparılan təftişdən sonra dəqiq biləcəyik.
Klubun Peşəkar Futbol Liqasına müraciətindən sonra çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan qurum “Kəpəz”in “Turan Tovuz” və “Sumqayıt”la qarşılaşmalarının Qəbələdə oynanılmasına qərar verib.
Gəncə futboluna könül verənlər məlum qərardan sonra qazonun gülməli hala düşməsinə görə AFFA-nı tənqid edir, təhqirlər göydə uçuşur. Niyə, qardaş?
Əvvəla onu deyim ki, ölkə futbolunun bu vəziyyətdə olmasının birbaşa səbəbkarı AFFA-dır və millilərin uğursuzluğuna görə cavabdehliyi qurum daşıyır.
Yəni qazon məsələsində fikirlərimi bildirirəmsə, bu, AFFA-nın adamı olmağım anlamına gəlməməlidir. AFFA böyük suç sahibidir, amma bu məsələdə yox.
Deyirlər, AFFA “Kəpəz”i elitadan göndərmək üçün növbəti iki oyun Qəbələyə təyin olunub. Assosiasiyadakıların gözü “Kəpəz”i götürmür? Komandanın Premyer Liqada olmasına qarşıdırlar?
Belədirsə, Gəncə komandasının elitada iştirakına kim icazə verdi? Belədirsə, Gəncə komandası bu gün hardan qaynaqlanır? Belədirsə, “beli bükülən” stadionda Premyer Liqa səviyyəsində oyunların oynanılmasına kim razılıq verdi?
Yəni AFFA “Kəpəz”dəkilərin və Gəncə futboluna könül verənlərinin könlünün şad olması üçün mümkün hər şeyi edib.
Qayda-qanuna qalsaydı, Nizamnamənin bütün bəndlərinə əməl olunsaydı, “sarı-göylər” bu gün ən yaxşı halda Birinci Divizionda çıxış edərdi.
Qazonun o durumda olmasının səbəbkarı klubdakı əsas söz sahibləridir. Əvvəla ona görə ki, ot birdən-birə sıradan çıxmayıb.
Hər kəsin gözləri qarşısında yana-yana saralıb. “Kəpəz”dəki rəhbər şəxslər zamanında müdaxilə etməli, çıxış yolu tapmalıydı. Necə ki, indi quyruq qapı arasında qalıb və stadionda dayanmadan iş gedir.
Digər tərəfdən, klub rəhbərliyi yaranmış vəziyyətə görə ota nəzarət edən şirkəti məsuliyyətə cəlb olunmasına çalışmalı, mətbuat vasitəsilə ictimaiyyətə açıqlama verməli, qısası, duruma aydınlıq gətirilməlidir.
Hətta məsələdə AFFA günahkardırsa belə, klubdan kimsə oxun yerini göstərməlidir.
O boyda stadion Allahın möcüzəsi sayəsində hələ də ayaq üstə dayanır, siz də oturub-durub AFFA-nı suçlayırsız. Suçlamağına suçlayın, amma qazona görə yox da.
HƏBİB / SPORTİNFO.AZ

