Minsk Qrupundan “mina xəritələrini biz ala bilərik” mesajı

17 Aprel 2021 02:52 Problem 1 768
Minsk Qrupundan “mina xəritələrini biz ala bilərik” mesajı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) aprelin 13-də yaydığı bəyanatda diqqətçəkən məqamlar da var.

Birincisi, “möhkəm sülhün” əldə edilməsi ilə bağlıdır ki, Minsk Qrupu həmsədrləri hesab edirlər ki, onların fəaliyyətinə xitam vermək tezdir.

Yeri gəlmişkən, Azərbaycanda da bəzi ekspertlər hesab edir ki, iki ölkə arasında sülh sazişi Minsk Qrupu çərçivəsində həllini tapa bilər. Bu səbəbdən ADA-dakı çıxışında da Prezident “Minsk Qrupundan təkliflər gözləyirik” deyərək, bu qurumun fəaliyyətinə qismən “yaşıl işıq” yandırmış oldu.

İkinci məqam “münaqişə bölgəsinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi” haqda verilmiş bəyanatdır ki, bu, Azərbaycan üçün indi çox mühümdür.

Bu bəyanatdan sonra bəzi narazı mövqelərə rast gəlməkdəyik. Əksəriyyət hesab edir ki, mövcud olduğu 27 il ərzində heç bir uğurlu fəaliyyəti olmayan bir qurum öz fəaliyyətinə xitam verməlidir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Minsk Qrupunu rədd olub getməyə çağırdı: “Minsk Qrupu bütün vasitələrlə çalışır ki, gündəmdə qalsın, ”vasitəçiliyi"ni davam etdirsin. Əslində onlara ehtiyac varsa, təşəbbüs bizim tərəfimizdən gəlməli, biz onlardan xahiş etməliyik ki, fəaliyyətlərini davam etdirsinlər. Amma indi təkid edən tərəf həmsədrlər və ermənilərdir. Deməli, bu bədnam vasitəçiliyin qalması onların maraqlarına uyğundur. Təbii sual ortaya çıxır ki, onların maraqları nədən ibarətdir? Ermənilər həmsədrlər vasitəsilə, onların birbaşa köməyi ilə tam məğlubiyyətdən, kapitulyasiya aktından xilas olmağa çalışırlar. Həmsədrlər isə 30 il ərzində prosesi ermənilərin xeyrinə başa çatdıra bilmədiklərindən məyusdurlar. Ona görə də istənilən ad altında ilişib prosesin içərisində qalmağa çalışırlar ki, uyğun məqam yetişəndə “erməni missiyası”nı davam etdirməyə hazır olsunlar. Məsələnin mahiyyəti bundan ibarətdir. Bizim üçün sərfəli olan odur ki, həmsədrlər rədd olub getsinlər. Yarıtmaz və qərəzli fəaliyyətləri ilə bizə vurduqları maddi və mənəvi ziyana görə kompensasiya istəyə bilərik, onu da istəmirik, bizdən əl çəksinlər. Amma onlar əl çəkmirlər, ən hiyləgər yollara əl atırlar ki, qalsınlar.

Akif Nağı Gürcüstan hökumətindən izahat və konkret addımlar tələb etdi -  Sozcu.az

Akif Nağı

Bu şəraitdə biz onların qarşısında yalnız bir şərt qoya bilərik ki, 10 noyabr razılaşmasının yerinə yetirilməsi ilə məşğul olsunlar, yəni Azərbaycan hakimiyyətinin Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənd və digər ərazilərdə bərqərar və bərpa olunmasının labüdlüyünü, zəruriliyini hələ də sarsaq xülyalarla yaşayan ermənilərə başa salsınlar. Həmsədrlərin görəcəyi iş bundan ibarətdir. Onlardan başqa heç nə gözləmirik. Onlar indiyə qədər heç bir işin öhdəsindən gəlməyiblər, indi mina xəritələrini və ya başqa bir işi onlara tapşırmağın heç bir mənası yoxdur. Əvvəl bizi necə “yarıdıblarsa”, indi ondan fərqli bir şey etməyəcəklər. Bir də qeyd etməliyəm ki, həmsədrlər institutunun formatı dəyişdirilməlidir. Minsk Qrupunun böyük toplantısı çağırılmalıdır. 29 illik dövrə qiymət verilməli, 1992-ci ildə verilmiş mandata yenidən baxılmalı, bəlkə də ləğv edilməlidir. Hər halda, vasitəçilik missiyasını həmsədrlərin monopoliyasından çıxarıb başqa formata keçməyin vaxtı çoxdan çatıb".

yegane.jpg (67 KB)

Yeganə Hacıyeva

Siyasi şərhçi Yeganə Hacıyeva: “ATƏT-in Minsk Qrupu silahlı qüvvələri Azərbaycan ərazisinin təxminən 5%-ni təşkil edən Dağlıq Qarabağla yanaşı, 7 ətraf rayonunu işğal edən Ermənistana Azərbaycanla eyni standartlarda yanaşma sərgiləyirdi. Konfliktin nizamlama dövründə hərbiçilərdən kənarda mülki insan həlak olur, bir milyon qaçqın düşən insanın fundamental haqları pozulurdu. ATƏT-in Minsk Qrupu beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etdiyi zamanlarda da kompromis əsaslar formalaşdırmağa çalışırdı. ATƏT isə öz mövqeyini ”təxminən güclü haqlıdır" prinsipi üzərində qurur və Azərbaycana verdiyi mesajlarda gizli titrlərdə kompromislər tələb edirdi. Azərbaycan Ordusu qanı və gücü bahasına torpaqları azad etdi, amma indi maraqlı odur ki, Minsk Qrupu güclü haqlıdır prinsipini tamam unudub. Müharibə günlərində də həmsədrlərin güzəşt təklifləri var idi, hansı ki, 27 il ərzində sülh danışıqlarına sadiq olmağımız Ermənistana edə biləcəyimiz ən böyük güzəşt idi. Bir sözlə, Minsk Qrupunun münaqişənin mərhələlərində sabitliyin təşviqi, vasitəçilik prosesində rolu faydasız və yararsız oldu. Qarabağdakı mövcud narahatlıqlara Rusiya sülhməramlılarının humanitar proseslərdən kənarda siyasi proseslər formalaşdırması səbəb olur. 10 noyabr razılaşmasından sonra erməni terrorçuların Qarabağda yenidən peyda olması Laçın dəhlizinin Ermənistandan girişinə Azərbaycan da nəzarət edəcəyi halda, bölgənin sabitləşəcəyi qənaətinə gətirir. Biz bölgənin bərpası üçün milyardlarla yatırım yatırmağı planlaşdırırıq. Bu qədər vəsaiti və ən əsası Azərbaycan dövlətinin təhlükəsizliyini terrorçuları postlardan rahatlıqla keçə biləcəyi mexanizmə etibar edə bilmərik. Ermənistanın minalanmış xəritələri qaytarmamasının məqsədi bəllidir:

1) Mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq;

2) Bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.

Minsk Qrupunun minalanmış ərazilərin xəritələri haqqında susqunluğu bu mövzunun onlar üçün prioritet olmaması qənaəti yaradır. İndi onlar üçün önəmli məsələ Azərbaycana təzyiq və təsir alətləri və mexanizmləri formalaşdırmaqdır və bu prosesin önündə Rusiya gedir".

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!