"Pornoy" hakimləri

4 Mart 2021 15:00 Problem 1 239
"Pornoy" hakimləri

Marafon final mərhələsinə yaxınlışdıqca, yer-yerdən şikayətlər, narazılıqlar gəlməkdə, eşidilməkdədir.

Yaxası dartılan hakimləri nişan verir.

Fritz Stuxlik xaricində, demək olar ki, hamı meydandakı idarçilikdən dad döyür.

Belə də olmalı idi, qəribə nə var ki burada? Xaqani Məmmədovdan sonra bu sahəyə gün doğmalı idi, doğmadı.

Qurd ilə quzu yola getməli idi, getmədi.

Ay və günəş bir-birinə yoldaş olmalı idi, olmadı.

Yer və göy birləşməli idi, birləşmədi.

Avstriyalının sədrliyə gəlməsindən nə gözlənti var idisə, hamısı əriyib getdi.

Əslində, bu narazılıqlar ötən mövsümdən dilə gətirilməkdədir.

Bu gün daha da böyüyüb, hələ şiddətli hal almasa da, «Qəbələ»nin prezidenti Fariz Nəcəfovun səhnəyə çıxması göstərir ki, Stuxlikin çaldığı havayla oynamaq məcburiyyətində qalanların səbri tükənmək, sayları seyrəlmək üzrədir.

Susmağın qızıl və gümüş olmadığını anlayanları təbrik etmək istərdim! Bu, irəliləyişdir. Bu, çağırışdır! Bu, haqsızlığa və qərəzə etirazın yeni mərhələsidir.

Stuxlik 2018-ci ilin sentyabrından hakimliyin başındadır. Başa gəlib, başabəla olub. Prinsipləri başqadır, bilənlər bilir. Əvvəl qaçmağı və ingilis dilini byrənməlisən, sonra da.. «Pornoy»a gəlməlisən.

Bura niyə gəlməlisən, nə işin var…

Onu Stuxlikdən böyüklər soruşmur. Avstriyalı üçün bu, əsas məsələdir. «Pornoy»da «imtahan» verən bəzi hakimlər var ki, klubları bezdirən, məşqçi və futbolçuların ilboyu çəkdiyi əziyyəti yerə vuran da onlardır.

Stuxlikin zövqünü oxşayanları, ürəyincə olanları bu şikayətlər maraqlandırmır, narahat etmir. Elə sədrin özünü də. Fikir vermir, ciddiyə almır.

Deyəsən, bura gələndə ona deyiblər ki, heç kimə fikir və əhəmiyyət vermə, öz işində ol. Elə və ya belə. Bunu da deyiblər ki, bütün klublar bizlikdir, başını qaldıranıın səsini kəsərik, kefinə bax sən.

O da baxır.

Problemlər, bax, bu «baxmaq»dan irəli gəlir.

Əslində, AFFA-nın özündə də, klublarda da hər şeydən xəbərdardılar, sadəcə… Bura Avropa deyil. Ona görə də əsl biabırçılıq qalıb bir kənarda, adını tutmurlar, meydanda görünən səhvlərlə, qərəzli qərarlarla kifayətlənirlər.

«Pornoy» hakimlərinin özbaşnalığı bir müddət də belə davam eləsə, o da olacaq. Meymun suda boğulanda balasını ayağının altna uzadır, zəhməti yerə vurulan klub rəhbəri, məşqçisi həmişə susacaq deyə düşünməyin.

Bir gün kiminsə səsi çxacaq. Səs çıxarmaq yalnız Stuxlikə məxsus deyil ki… Onun hoqqalarının səsinin çıxacağı gün də gələcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti