PFL-in vitse-prezidenti: “Burada şişirdiləcək hər hansı bir məsələ yoxdur”

16:00 Premyerliqa 165
PFL-in vitse-prezidenti: “Burada şişirdiləcək hər hansı bir məsələ yoxdur”

Misli Premyer Liqasının 2026/27 mövsümündə I turun oyun cədvəli məlum olub.

Matçlar 14, 15, 16 və 17 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqasında mübarizə aparan “Sabah”ın rəsmi müraciətini, “Kəpəz”in rəsmi razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası (PFL) ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən klublar arasında baş tutacaq 1-ci və 2-ci dövrə oyunlarının yerini dəyişib.

PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev bununla bağlı Sportinfo.az-a açıqlama verib:

”Düşünürəm ki, burada şişirdiləcək hər hansı bir məsələ yoxdur. Dünyanın müxtəlif ölkələrində buna bənzər təcrübələr mövcuddur.

Özünüz də araşdırma aparsaz, Avropanın bir çox ölkəsində bu cür dəyişikliklərin edildiyinin şahidi ola bilərsiz. Avrokuboklarda ölkəmizi təmsil edən bütün komandalarımıza idman prinsipləri çərçivəsində dəstək vermək hamımızın borcudur.

Çünki komandalarımızın avrokuboklarda uğurlu çıxışı birbaşa çempionatımızın UEFA reytinqinə və nəticə etibarilə futbolumuzun mövqeyinə təsir edir.

Bu baxımdan, komandalarımızın avrokuboklarda daha yaxşı nəticə göstərməsi ümumi futbolumuzun maraqlarına xidmət edir.

Bu məsələdə bütün prosedur qaydalarına riayət olunur və qərarlar da məhz həmin prosedurlara uyğun qəbul edilir. “Kəpəz”in razılıq məktubu alındıqdan sonra PFL tərəfindən oyunun keçirilmə yeri ilə bağlı müvafiq qərar qəbul edilib.

Bu, yalnız cari mövsümdə “Sabah”a tətbiq olunan bir yanaşma deyil. Xatırlayırsınızsa, ötən mövsüm Qubada keçirilməli olan “İmişli” - “Qarabağ” qarşılaşmasının da keçirilmə yeri dəyişdirilmişdi.

Həmin qərarın oyundakı müsbət nəticəsini də görmüşdük. Düşünürəm ki, bu dəfə də eyni yanaşma özünü doğruldacaq və sözügedən dəyişiklik “Sabah” üçün də faydalı olacaq.

Hazırda ölkəmiz avrokuboklarda iki komanda ilə təmsil olunur. Həm “Qarabağ”ın, həm də “Sabah”ın turnirdə maksimum irəliləməsi, uğurlu nəticələr qazanması hamımızın arzusudur.

Çünki onların uğuru təkcə həmin klubların deyil, bütövlükdə Azərbaycan futbolunun uğurudur. Hər iki komandamıza avrokuboklarda uğurlar arzulayırıq!”.

Digər Xəbərlər
Xəbər Lenti