12 legioneri olan "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze də, bu mövsüm üçün 13 əcnəbi sifariş etmiş "Sumqayıt"ın çalışdırıcısı Saşa İliç də yerli oyunçulardan çox şikayət edir.
Bəlkə siz özünüz bacarıqsızsınız?
Bəlkə gətirdikləriniz bir dərdə dərman deyil?
Arada cəmi 7 legioneri olan "Kəpəz"ə baxıb utanın.
İkinizdən də ən azı 2 dəfə az maaşa çalışan Azər Bağırovu görəndə xəcalət təri axıdın.
Azərbaycanlı məşqçi daha ağır şərtlər altında ikinizdən də çox xal yığa bilib.
"Sumqayıt"ı darmadağın etməklə (3:0), "Qəbələ"ni minimal hesabla (1:0) məğlub edərək əcnəbi həmkarlarını mat qoyub.
Son çempion "Qarabağ"ı iki dəfə məğlub etməyi bacaran yeganə baş məşqçi olub.
Elə Ağdam klubu ilə son görüşdə "Kəpəz" meydana 5 yerli oyunçu ilə çıxmışdı.
Əvəzetmədən daha 3 azərbaycanlı oyuna qoşuldu.
Necə olur, daha keyfiyyətsiz yerlilər Bağırova problem yaratmır, amma İliç, Kaxaber kimi əcnəbilərə nəticə qazanmaq üçün mane olur?
Ağ yalandır!
Hər iki əcnəbinin boş bəhanəsidir.
Bunu Bağırov ortaya qoyduğu işlə əyani sübut edir. Qalır, həqiqətlərə kor olmamaq.
XANOĞLAN / SPORTİNFO.AZ

