Nə "Qarabağ", nə də "Sabah" çempionluq mübarizəsində asan təslim olmaq fikrində deyil.
Son çempion "Araz-Naxçıvan"ın daşını daş üstə qoymadı. Artıq 36-cı dəqiqədə hesab 3:0 idi. "Köhlən atlar" yekunda vurduğu 6 qolla 3 xalı aktivinə yazdı. Çempionlar Liqasında 5 qol vuran Kamilo Duran son iki oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə liqaya da öz ağırlığını qoymaqdadır. Əla forma yığan Kolumbiyalı əbəs deyil ki, ilk dəfə ölkəsinin əsas millisinə dəvət aldı.
Avrokuboklarda iştirakını dayandıran "Qarabağ"ın isə Duranla bundan sonra daha təhlükəli olacağı dəqiqdir.
Lider "Sabah" da Ağdam klubundan geri qalmadı. Valdas Dambrauskasın yetirmələri "Qəbələ"nin işini 32 dəqiqədə vurduğu 3 qolla bitirdi.
5 gün əvvəl Qəbələdə 120 dəqiqəlik ağır oyun keçirmiş "tələbələr"in yorulacağını ehtimal etmək olardı. Amma Velko Simiçin yoxluğunda belə "Sabah" amansız təsir bağışladı.
Geniş heyət litvalı mütəxəssisin işini bir xeyli asanlaşdırır. O da kimdən necə, nə vaxt istifadə etməsini yaxşı bilir. Simiç yoxdur, Mikels var. Zədədən yeni qayıdan almaniyalı iki qolla yadda qaldı. Son 2 görüşdə 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan Timoteuş Puxaçın səviyyəsi ilə liqaya rəng qatmağa davam edir.
"Qarabağ" kimi 6 top fərqlə qələbə qazanan Masazır təmsilçisi liderlik kürsüsündən bərk yapışıb. Görünən odur ki, bu xəmir hələ çox su aparacaq. Çempionluq mübarizəsi son turlara, bəlkə də son dəqiqələrə kimi davam edəcək.
Çempionluq mübarizəsindən fərqli olaraq, avrokuboklar uğurunda rəqabət sona 10 tur qalmış bir xeyli azalmış oldu.
"Sumqayıt", "Zirə" və "Araz-Naxçıvan"ın xal itirdiyi turda "Neftçi"nin əlinə yaxşı fürsət düşmüşdü. "Turan Tovuz"u ud, turnir cədvəlində iki pillə irəlilə. Yuri Vernidubun komandası əsas rəqiblərindən birinə şəxsi görüşdə məğlub olmaqla avrokuboklar zonasından bir qədər də uzaq düşmüş oldu. Ukraynalı mütəxəssisin gəlişindən sonra "Karvan-Yevlax", "Qəbələ" və "Kəpəz"i məğlub edən "ağ qaralar" iddialı rəqiblərlə oyunda çətinlik yaşamağa davam edir.
Bakılılar "Zirə"nin ardınca bu dəfə "Turan Tovuz"la bacarmadı. Ardıcıl üçüncü mövsüm avrokuboklardan kənarda qalmaq təhlükəsi qapıdadır.
"Turan" isə əla sürət yığıb. Son 7 görüşdə qol buraxmayan bölgə klubu hər iki cəbhədə mübarizəni davam etdirir. "Neftçi" üzərində qələbənin dəyəri tam başqa idi. Bərabərliyin məqbul sayıla biləcəyi görüşdən qonaqlar üç xalla ayrıldı.
Bir daha təsdiq olundu ki, Berdıyev nə qədər çox uzun ötürmələrdən, müdafiədə qapanmaqdan imtina edirsə, "Turan" meydanda bir o qədər yaxşı görünür. Rəqibindən üstün görünən tovuzlular 3 xala layiq tərəf idi. Əldə olunan bu nəticədən sonra "Turan"ın 32 ildən sonra avrokubokların qapısını açdığını demək olar.
Ümumiyyətlə, möcüzə baş verməsə, turnir cədvəlində ilk dördlükdə yer alan klublar yayda ölkəmizi Avropa səhnəsində təmsil edəcək.
"Zirə" autsayder "Kəpəz"lə oyunda iki xal itirdi. Sonda vurduğu qolla bir xal qazandı desək daha doğru olar. Rəşad Sadıqovun yetirmələri qeyri-sabit çıxışına davam edir. Zirəlilərin bəxti onda gətirib ki, geridən gələn kollektivlər də bu baxımdan axsayır.
Əslində "Qartallar"dan 6 xal geridə qalan "Araz Naxçıvan"ın, 7 xal gerisində olan "Sumqayıt"ın, 8 xallıq məsafədə olan "Neftçi"nin dördüncü olmaq şansları heç də az deyil. Amma enişdə olan naxçıvanlılar Demçenko ilə çətin toparlana bilsin.
"Qəbələ", "Kəpəz" və "Karvan-Yevlax"la son 3 görüşdə 2 xal qazanan "Sumqayıt"da daşlar yerindən qopub. İlin günün bu vaxtında baş məşqçi Saşa İliç deyir ki, "rəhbərlik qərar verib, bundan sonra akademiya uşaqları ilə davam edəcəyik".
Bu qədər asan və erkən təslim olan klubdan ciddi nəsə gözləməyə dəyməz.
Liqada qalmaq uğurunda mübarizədə də ciddi dəyişiklik baş vermədi.
"Karvan-Yevlax" ardıcıl ikinci oyunda 1 xala sevindi, amma sonuncu pillədə qalmağa davam edir.
XANOĞLAN / SPORTİNFO.AZ

