
Mövsümün açılış oyunu Şamaxıda baş tutdu.
Stadionu təmirdə olan "Karvan-Yevlax" "Qəbələ"ni qonaq etdi.
Xüsusilə "qırmızı qaralar" əla fürsətləri sağa-sola xərcləməklə yadda qaldı.
Belədə sürətli, maraqlı görünən, bol qol imkanları ilə yadda qalan görüşdə qalib müəyyənləşmədi - 1:1.
Sürətli yox, sürətli görünən nə deməkdir?
Tərəflərin güclər nisbəti hardasa bir-birinə yaxın olduğu üçün kənardan dinamik oyun getdiyi təəssüratı yarana bilər/yaranıb da.
Amma itirilən toplar, qaçırılan qol şansları, edilən texniki səhvlər keyfiyyətin çox aşağı olmasından xəbər verir.
Bu isə nəinki iddialılar, hətta ortabablarla görüşdə hər iki kollektivə böyük çətinlik yaşadacaq.
Lakin qəribəsi bundadır ki, həm "Karvan", həm də "Qəbələ"nin baş məşqçisi matçdan sonra ehtiyatlı yox, iddialı danışmaq yolunu seçib.
Azər Həşimov ("Karvan") : "Heç kim deyə bilməz ki, "Karvan-Yevlax"ı asanlıqla məğlub edəcəyik".
Kaxaber Tsxadadze ("Qəbələ"): "Heç bir komandadan çəkinməyəcəyik, "avtobus" qurmayacağıq".
Ya sərəncamlarında olanlara olan güvəndən irəli gəlir, ya da qabaqdan gəlmişlik edirlər.
Marafon uzundur, hansı olduğuna gələcəkdə şahid olacağıq.
XANOĞLAN / SPORTİNFO.AZ