
Hazırda istirahətdə olan Azərbaycan Premyer Liqası təmsilçilərindən bəzilərinin hazırlıq planları müəyyənləşib.
Bir sıra komandaların təlim-məşq toplanışını ölkə xaricində keçəcəyi artıq dəqiqləşib. Hazırlıq üçün Azərbaycanı məkan seçənlər də var.
Sportinfo.az xəbər verir ki, bu barədə “report”un sorğusuna 12 elita təmsilçisindən cavab verilib.
Anar Hacıyev, “Qarabağ”ın mətbuat katibi: “Toplanış iki mərhələdən ibarət olacaq. İlk mərhələ Bakıda, iyunun 18-dən iyulun 2-dək nəzərdə tutulub. Komandamız iyulun 2-dən 16-dək Avstriyada hazırlıq keçəcək. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək”.
Asəf Zeynallı, “Neftçi”nin mətbuat katibi: “Hələ tarixlər tam dəqiqləşməyib. Ümumi olaraq deyə bilərəm ki, hazırlıq iki mərhələdən ibarət olacaq. Bu ayın sonunda Bakıda təlim-məşq toplanışına başlayacağıq. Daha sonra komanda ölkə xaricinə yollanacaq. Təbii ki, yoxlama görüşləri də olacaq. Bir neçə gün ərzində hazırlıq planı detallı şəkildə müəyyənləşəcək”.
Elmar Abdullazadə, “Zirə”nin mətbuat katibi: “Hazırlığı Bakıda və Türkiyədə keçirəcəyik. Amma digər detallar hələ tam bəlli deyil. Plan tam müəyyənləşdikdən sonra ictimaiyyətə açıqlama veriləcək”.
Zaur Xudiyev, “Sumqayıt”ın mətbuat katibi: “Təlim-məşq toplanışı ölkə xaricində olacaq, böyük ehtimalla Türkiyədə. Amma tarix və hansı bölgə olacağı hələ ki, bəlli deyil. Bəlli olanda rəsmən açıqlanacaq”.
Süleyman Tağıyev, “Turan Tovuz”un mətbuat katibi: “Hazırda toplanışın planlaşdırılması prosesi gedir. Hazırlığın neçə hissədən ibarət və hansı ölkədə olacağı dəqiq deyil. Yaxın vaxtlarda bununla bağlı klub tərəfindən açıqlama veriləcək”.
Mahal Məmmədov, “Araz-Naxçıvan”ın mətbuat katibi: “İyunun 14-də və 15-də tibbi müayinə olacaq. İyunun 16-dan iyulun 2-dək Bakıda, iyulun 3-dən 17-dək Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı nəzərdə tutulub. Türkiyəyə səfərin tarixində 2-3 gün fərq ola bilər. Türkiyədə 4 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər və tarixlər barədə əlavə məlumat verəcəyik”.
Yusif Hüseynov, “Şamaxı”nın mətbuat katibi: “Təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 5-də Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda avqustun 7-nə qədər davam edəcək. Hazırlıq zamanı 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Rəqiblər hələ bəlli deyil”.
Adil Şükürov, “Kəpəz”in baş məşqçisi: “Tam olaraq heç nə məlum deyil. Heç rəhbərliklə də bu barədə müzakirə aparmamışıq. Qarşıdakı günlərdə bu barədə ətraflı danışacağıq”.
Elnur Həmidov, “Sabah”ın mətbuat katibi: “Yaxın 2-3 gün ərzində bəlli olacaq. Hələ heç nə dəqiq deyil. Hazırlıq planı müəyyənləşdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Bəhruz Musayev, “Karvan”ın mətbuat katibi: "Yay hazırlıq planı iyunun 20-dən sonra bəlli olacaq. Komanda yay təlim-məşq toplanışını ölkə daxilində keçirəcək. Qəbələ və Quba şəhərlərini nəzərdən keçiririk".
Aqşin Mürsəlov, “İmişli”nin icraçı direktoru: “Qeyd etdiyiniz məsələlərə ən yaxın zamanda aydınlıq gələcək. Klubun idarə heyəti hələ qərar verməyib. Ona görə də bu sualları cavablaya bilməyəcəyəm”.
Səbuhi Səfiyarlı, “Qəbələ”nin idman direktoru: “Hazılıq planı tam müəyyənləşməyib. İyunun 30-dan iyulun 14-nə qədər olacaq ilk mərhələni, çox güman ki, Qəbələdə keçirəcəyik. İyulun 17-si və ya 18-də ikinci mərhələ başlayacaq. Bu mərhələ də böyük ehtimalla Qəbələdə baş tutacaq. Çox az ehtimal da var ki, Tükiyəyə gedək”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi “Qarabağ” klubu olub. “Zirə” ikinci, “Araz-Naxçıvan” isə üçüncü pilləni tutub. Yeni mövsüm isə avqustun 15-də start götürəcək.