
Premyer Liqanın debütantı olan «İmişli» yeni baş məşqçisinin adını iyunun 15-dək açıqlayacaq.
Klub rəhbərliyi hələlik taym-aut götürüb. Aran təmsilçisi Kristano Souza ilə anlaşmağa çox yaxındır.
Portuqaliyalı karyerasını Azərbaycanda davam etdirməyə ikiəlli razıdır, amma… Son günlər alternativ namizədlər də tapılıb. Onlar əsasən Cənubi Amerikadan olanlardır.
Tam adı Kristiano Alberto Duraes de Souza olan portuqaliyalı komandanı iş başında görüb. «İmişli» I Liqanın 27-ci tur çərçivəsində Şamaxıda «Difai»nin önünə çıxıb və səfərdə 3:1 hesablı qələbə qazanıb.
K.Souzanın ilkin təəssüratı artıq məlumdur. Kriştanu Ronaldonun həmyerlisi təyinatı rəsmiləşərsə, ciddi islahatlar aparacağını bildirib.
Onun fikrincə, hazırda düşərgədə yer alanların 80 faizi Premyer Liqada çıxış etmək səviyyəsində deyil. Yalnız 3-4 nəfəri bəyənib.
Portuqaliyalı bu qənaətdədir ki, ən azı 10-12 legioner alınmasa, «İmişli»ni elitada saxlamaq qeyri-mümkündür.
O. bura tək gəlməyib. Jorge Kasquila da onunla bərabərp olub. Sözügedən şəxs onun əsas köməkçisi sayılır.
Kristiano Souza 43 yaşındadır. Son olaraq Çexiyada çalışıb. Üçüncü liqada mübarizə aparan «Znojmo»da işləyib.
Məşqçi həyatına 2013-cü ildə başlayan mütəxəssis bu işə «Moreyrense»də «bismillah» eləyib.
Daha sonra «Leyxos Leyra», «Akadémiko Viseu», «Uniao Madeyra», «Jil Visente», «KCova Pyedade» və «Trofense»də gün keçirib.
Maraqlıdır ki, tez-tez klub dəyişməsinə rəğmən, o, yalnız «B» kateqoriyasına malikdir.
Bu da qəribədir ki, Souzadan fərqli, yardımçısı Jorge Kasquila cibində «Pro» lisenziyası gəzdirir.
SPORTİNFO.AZ