
Azərbaycan komandalarından 6-sı qış hazırlığı üçün Antalyanı seçməklə yoldaşlıq görüşlərindəki çatışmazlıqları görmək imkanı qazandı.
Düzdür, rəqiblər Avropanın aparıcı futbol ölkələrinin üzdə olan komandaları deyildi.
Amma indiki vəziyyət üçün “buna da şükür” deyən baş məşqçilərin problemləri aradan qaldırmaq üçün yaxşı fürsət yaxaladığını deyə bilərik.
“Qarabağ”ın “Bohemians”la matçı əlverişsiz hava şəraitinə görə təxirə salındığından, azərbaycanlıların iştirakı ilə baş tutan cəmi 19 oyuna və ümumi nəticədə fiaskoya şahidlik etdik.
Bu sayda oyunda bizimkilərin qazana bildiyi qələbə sayı cəmi 2 oldu (“Qəbələ” və “Neftçi”). 10 görüşdə heç-heçə qeydə alındısa, yerdə qalan 7 qarşılaşmada məğlubiyyət acısı yaşadıq.
Yoldaşlıq görüşlərində yekun nəticənin önəmli olmaması deyimi ilə razılaşmaq olmur. Həmin məntiqlə nəticə rəqiblər üçün də ciddi ənəm kəsb etmir.
Onlar da müxtəlif taktiki gedişləri sınayır, yeni futbolçuların hazırlıq səviyyəsi qaydasında olmur və sair kimi səbəblər. Amma sonda qələbəyə sevinən onlar olur, bizimkilər yox.
Xülasə, təmsilçilərimiz daha çox Polşanı təmsil edən komandalarla üzləşmək imkanı qazandı. Azərbaycan və Polşa komandaları arasında baş tutan 7 dueldə bizimkilər 1 dəfə sevinib, 2 dəfə üzüldü. 4 görüş bərabərliklə başa çatdı.
Şimali Makedoniya və Macarıstan təmsilçilərinin hərəsi ilə 3 oyun keçirildi. Makedonlarla qələbə, heç-heçə və yenilgi sayı hamısında 1 oldu. Macarlarla 2 dəfə heç-heçə oynayan bizimkilər 1 dəfə uduzdu.
Göründüyü kimi, 19 qarşılaşmanın 13-ü, təxminən 70 faizi 3 ölkənin təmsilçiləri ilə baş tutub.
Serblərlə 2 dəfə üzləşdiksə, Almaniya, Çexiya, Ukrayna və Rumıniya kimi ölkələrin hərəsindən 1 komanda rəqibimiz oldu.
Qısası, 19 oyun 8 ölkənin təmsilçiləri arasında bölüşdürüldü. Ümumi durum isə aşağıdakı kimi oldu.
Qarabağ
“Qaz Metan” (Rumıniya) 0:0
“Batska Topala” (Serbiya) 0:1
“Şlyonsk” (Polşa) 2:3
“Viska Krakov” (Polşa) 0:0
Qəbələ
“Zaqlembe” (Polşa) 1:2
“Boreç” (Şimali Makedoniya) 1:0
“Bohemians” (Cexiya) 1:3
Zirə
“Peç” (Macarıstan) 3:5
“Qurnik” (Polşa) 2:2
“Breqalniça” (Şimali Makedoniya) 1:1
Neftci
“Kişvarda” (Macarıstan) 2:2
“Visla Plotsk” (Polşa)1:1
“Qurnik” (Polşa) 1:0
Sabah
“Pakş” (Macarıstan) 1:1
“Zarya” (Ukrayna) 1:1
“Mladost” (Serbiya) 1:1
Sumqayıt
“Yagelloniya” (Polşa) 0:0
“Berliner AK” (Almaniya) 2:5
“Şkupi” (Şimali Makedoniya) 1:2
HƏBİB / SPORTİNFO.AZ