"Neftçi"nin daha üstün futbol oynayacağını gözləyirdik" - Son tura səyahət

19 Oktyabr 2021 23:00 Premyerliqa 990
"Neftçi"nin daha üstün futbol oynayacağını gözləyirdik" - Son tura səyahət

Azərbaycan Premyer Liqasında 7-ci tur arxada qaldı. Bir-birindən maraqlı 4 qarşılaşmaya şahidlik etdik.

Turun surpiriz nəticəsi Sumqayıtda "Neftçi"nin xal itirməsi oldusa, maraqlı qarşılaşması "Qəbələ" "Zirə" arasında baş tutdu.

Lider "Qarabağ" azlıqda qalan "Sabah"ı böyük çətinliklə məğlub edə bildi. Son 2 turda məğlub olmayan "Keşlə" isə bu tur da uğurlu seriyasını davam etdirə bildi.

"Pro" kateqoriyalı məşqçimiz Azər Bağırov turda başverənləri daha ətraflı Sportinfo.az-a şərh edib.

"Səbail" - "Keşlə" 1-2

Oyun demək olar "Keşlə"nin üstünlüyü ilə keçdi. "Səbail"də heyətin kasad olması diqqət çəkir. Bundan başqa ikinci qolda edilən uşaq səhvi hamımızı təəccübləndirdi. Təcrübəli futbolçuların elə səhv etməsi adama pis gəlir. Ehtiyat skamiya çox kasaddı. Hətta sonlara yaxın Əfran İsmayılov zədəli halda meydana daxil oldu. Bu, paytaxt təmsilçisində vəziyyətin nə qədər ağır olmasının göstəricisidi. Normalda zədəli oyunçunu meydançaya buraxmağa dəyməz.

"Qəbələ" - "Zirə" 1-1

İki fərqli hissə izlədik. İlk yarıda "Qəbələ" bir qədər "dişsiz" görsənirdi. Amma "Zirə"nin hücumları yaxşı alınırdı. Nəticədə istədikləri qolu vurdular. Qonaqların hücumları "Qəbələ" müdafiəsini çaşqınlıq halına gətirmişdi. İkinci hissə isə meydan sahiblərinin üstünlüyü ilə keçdi. Açığı, "Zirə"nin müdafiədə oturması təəccüblü idi. Amma bu taktiki gedişdən də asılı ola bilərdi. Çünki komanda səfərdə oynayırdı. Ancaq Rəşad Sadıqovun qurduğu komandanın potensialı var. Məncə, gələcək oyunlarda "Zirə" daha yaxşı çıxış edəcək. "Qəbələ"yə nisbətən komandanın ehtiyat qüvvəsi də yaxşı mənada seçilir.

"Sabah" - "Qarabağ" 1-2

Bu gün "Qarabağ"ın Azərbaycan çempionatında rəqibi yoxdur. Ağdamlılar digər rəqiblərdən çox üstün futbol göstərir. Meydançadakı gedişlər bunun əyani sübutudur. 65-70-ci dəqiqələrdən başlayaraq komanda sanki ehtiyatlı oyuna keçdi. Əsas futbolçuların qorunması vacib idi. Çünki qarşıdan "Kayrat"la çox vacib oyun gəlir. "Sabah"ın azlıqda qalmasına rəğmən fərqi azaltması da bu məqamlardan irəli gəlirdi. "Sabah" da meydanda çalışdı, vuruşdu. Meydan sahiblərinin azlıqda qalması qeyd olunmalıdır. Peşəkar futbolçunun belə vəziyyətdə qırmızı alması çox ağırdı. Heç nədən komandasını çətin durumda qoydu. Bundan başqa "Sabah"ın müdafiə xəttində ciddi problemlər var.

"Sumqayıt" - "Neftçi" 1-1

"Neftçi"nin daha üstün futbol oynayacağını gözləyirdik. Çempionluq yolunda qələbə qazanmaq vacib idi. Eyni zamanda son turlar uğursuzluq yaşayan meydan sahibləri üçün də xal qazanmaq hava-su kimi lazımıydı. Top "Neftçi"də çox olsa da, real qol epizodlarını daha çox "Sumqayıt" yaradırdı. Son dəqiqələrdə qonaqların qələbə qolunu vurmaq imkanı oldu. Amma Maçadonun zərbəsi qapı tirindən qayıdınca oyun bərabərliklə başa çatdı. Məncə, ədalətli nəticə də bu idi".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"