Mövsümə Samir Abasovla başlayan “Neftçi”yə hazırda Yuri Vernidub rəhbərlik edir.
“Ağ-qaralar” ukraynalı çalışdırıcının rəhbərliyi altında meydana çıxdığı 3 oyunda “Sumqayıt” və “Zirə” ilə bərabərə qalıb, “Karvan-Yevlax”a məğlub olub.
Ümumi vəziyyət Abasovun dönəmində gördüklərimizin oxşarıdır. Bakılılar qol şanslarını boşa verir, hesabda irəlidə olduğu halda heç-heçəyə razılaşır.
Belədirsə, Vernidub “Neftçi”də nələri dəyişib? Məşq proseslərində və oyun planında Samir Abasovdan nə ilə fərqlənir?
Komandanın aparıcı futbolçularından olan fransal; vinger İmad Faraj bu barədə Sportinfo.az-a danışıb:
“Təbii ki, arada müəyyən fərqlər var. İki fərqli məşqçi eyni fəlsəfədə ola bilməz.
Məsələn, indiki baş məşqçi daha çox birə-bir mübarizələrin tərəfdarıdır. Meydandakı 10 futbolçu ayrı-ayrılıqda rəqibin 10 futbolçusu ilə fərdi oynamalıdır, onu izləməlidir.
Belə olduğu halda daha çox qaçmaq məcburiyyətində qalırıq. Qoruduğun futbolçu hara gedirsə, sən də arxasınca qaçmalısan.
Şəxsən buna hazıram. Çünki Əbu-Dabidə keçdiyimiz toplanış zamanı fiziki hazırlığımı daha da yaxşılaşdırmışam”.
Yanvarın 22-də 60 yaşını qeyd edən təcrübəli mütəxəssis məşqçilik karyerası ərzində vətənində“Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şürif” komandalarını çalışdırıb ki, Ukraynada çempionatında bürünc medal qazanıb, ölkə kubokunun finalçısı olub, Moldovada 2 dəfə çempionluğu bayram edib, Belarusda Superkubokun final həyəcanını yaşayıb.
O, ötən ilin dekabr ayında “Neftçi” ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
HƏBİB

