“Neftçi” üçün həssas məqam – Bu şans əldən çıxsa...

18:00 Neftçi 403
“Neftçi” üçün həssas məqam – Bu şans əldən çıxsa...

Premyer Liqanın 15-ci turunun bağlanış matçı bu gün “Palms Sports Arena”da reallaşacaq.

Avrokuboklara iddiaçılar sırasında yer alan “Sumqayıt” səfərdə uğursuzluq zolağından çıxmağa çalışan “Neftçi”nin qonağı olacaq.

Oyuna rəng qatan başlıca məqam təcrübəli çalışdırıcı Yuri Vernidubun həm “Neftçi”də, həm də Azərbaycan çempionatında debüt etməsidir.

Baş məşqçi postunda Samir Abasovu əvəzləyən 59 yaşlı ukraynalı çalışdırıcı ilk matçında qələbəyə sevinmək iddiasındadır.

Vernidub klub saytına verdiyi müsahibədə bacarıqlı futbolçulara və sağlam kollektivə sahib olduğunu deməklə yüksək pillələr uğrunda mübarizə aparacağını gizlətməyib.

Təbii ki, əsas məqsədi əcnəbi mütəxəssis statusunu doğruldaraq azarkeşləri qələbəylə sevindirməkdir. Bunun nə dərəcədə mümkün olacağını 90 dəqiqənin tamamı göstərəcək.

Prinsipial məqamlardan biri komandaların turnir cədvəlindəki mövqeyidir.

Yüksələn qrafik üzrə hərəkət edən “Sumqayıt” rəqiblərini özü ilə ayaqlaşmağa məcbur edir. Son 5 oyuna diqqət yetirsək, “kimyaçılar” 4 qələbə qazanıb və yalnız gərgin keçən qarşılaşmada “Qarabağ”a 2:4 hesabı ilə uduzub.

14 oyundan sonra aktivində 26 xal olan “böyük şəhərin tək komandası” 4-cü pillədə yer alıb. Bu, o deməkdir ki, “Sumqayıt” bu gün qalib gələcəyi təqdirdə 27 xalla 3-cü sırada qərarlaşan “Zirə”ni keçmək imkanı qazanacaq.

“Ağ-qaralar” isə qış fasiləsinə qədər “Sumqayıt”la “Karvan-Yevlax”ı udub xal sayını 22-yə yüksəltmək, bununla da ilk “6-lığ”a yaxınlaşmaq istəyir.

Bu gün “Sumqayıt”ı yenmək mümkün olsa, kollektiv Yevlax səfərinə xoş əhval-ruhiyyədə yollanacaq. Məğlubiyyət təqdirində paytaxt təmsilçisi vəsiqə yolunda ciddi zərbə alacaq.

Qısası, indiki məqamda qələbə hər ikisinə hava-su kimi lazımdır. Xüsusən də “Neftçi”yə.

Ötən mövsümdən bu yana olan şəxsi görüşlərdə qeydə alınan nəticələrə nəzər yetirsək, ümumi hesab “Neftçi”nin xeyrinədir.

2024 /25 “ili”ndə Sumqayıtda baş tutan 2 qarşılaşmanın birində meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib, digəri 2:2 hesabı ilə başa çatıb. “Palms Sports Arena”dakı duellərə gəlincə, bakılılar 1:0 udub, digər halda bərabərlik qeydə alınıb 1:1.

Cari mövsümün ilk dövrəsində Sumqayıtda keçirilən oyunda “Neftçi” çoxlarının gözləmədiyi halda bu rəqibi üzərində 2:0 hesabı ilə qalib gəlmişdi.

Bu gün “Palms Sports Arena”da baş tutacaq görüşün start fiti saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti