«Neftçi»nin yeni baş məşqçisi Yuri Vernidubun ən böyük gözləntisi Emin Mahmudovdandır.
Saytımız bu barədə maraqlı məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, ukraynalı çalışdırıcı komandanı kapitanın ətrafında birləşdirmək niyyətindədir.
Bakılılarla 6 ay+1 illik müqaviləyə imza atmış mütəxəssis kollektiv üzvləriylə söhbətində bildirib.
59 yaşlı sabiq «Şerif»li «Neftçi»nin iştirakıyla ötən 4 ayda keçirilən bütün oyunları izlədiyini, Eminin çıxışını ayrıca analiz elədiyini söyləyib.
Təcrübəli məşqçi həmçinin Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə hər iki qarşılaşmasına tamaşa etdiyini, yarımmüdafiəçini məhz oradan tanıdığını açıqlayıb.
Vernidub 33 yaşlı kapitanın millidəki kimi, «Neftçi»də də liderlik missiyasını öz üzərinə götürməsini, işinə can yandırmasını istədiyini deyib.
Samir Abasovun sələfi əmindir ki, Mahmudov bunu bacaracaq, çünki onun təcrübəsi böyükdür və komandanı hamıdan yaxşı tanıyır.
SPORTİNFO.AZ

