Kenan Piriçin yayda “Neftçi”yə keçidini yəqin ki, xatırlayırsız.
Türkiyə təmsilçisi “Antalyaspor”dan ayrılan bosniyalı qapıçı təklifləri gözdən keçirmək və qərar vermək üçün kifayət qədər vaxta ehtiyac duymuşdu.
Nəhayət, iyulun son günlərində maliyyə şərtləri digərlərindən fərqlənən “Neftçi” rəsmilərinə müsbət cavab verib, komandanın Polşadakı toplanışına qoşulmuşdu.
Bura gələrkən arzuları yerə-göyə sığmırdı. Həm yaxşı pul qazanmaq, həm titullara sevinmək, həm də avrokuboklarda çıxış etməyin planlarını qururdu.
Bəs, indi nə fikirləşir? Verdiyi qərarın peşmanlığını yaşayır?
31 yaşlı kiper barədə Sportinfo.az-a danışıb:
“Məni “Neftçi”ni seçməyə kimsə məcbur etməyib. Özüm istəyib gəlmişəm.
Məqsədim tarixi klubda oynamaq və avrokuboklarda iştirak etməkdir. Bir az uğursuzluq yaşayırıq deyə, peşmanlıq yaşamağa gərək yoxdur.
İdmançıyıqsa, xarakter göstərməklə düşdüyümüz vəziyyətdən çıxmalıyıq. Yaxşı günlər yaşayacağımıza inanıram.
Kubok mübarizəsi başa çatdı, bundan sonra yalnız və yalnız çempionatı düşünməliyik. Əlimizdən gələni edəcəyik ki, “Neftçi”nin böyüklüyünü sübut edək".
Vətəni Bosniya və Hersoqovinadan başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.
O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.
HƏBİB

