“Neftçi”nin yeni baş məşqçisinin yerli köməkçisi kim oldu?

7 Dekabr 2025 15:15 Neftçi 5 147
“Neftçi”nin yeni baş məşqçisinin yerli köməkçisi kim oldu?

«Neftçi»nin yeni baş məşqçisi olacaq Yuri Vernidubun yerli köməkçilərindən birinin kimliyi müəyyənləşib.

Ukraynalı çalışdırıcı Sənan Qurbanovu özünə yardımçı götürüb.

Vaxtilə «Qəbələ» və «Keşlə»yə (indiki «Şamaxı») ölkə kubokunu qazandırmış mütəxəssis komandanın ümumi hazırlığı üzrə «sağ əl» funksiyasını yerinə yetirəcək.

Qurbanov 2023-cü ildən paytaxt təmsilçisində fəaliyyət göstərir. Adrian Mutu və Miodraq Bojoviçin vaxtında əsas komandada işləyib.

2024-cü ilin yayında, Roman Qriqorçukun gəlişindən sonra akademiyaya yönəlib, koordinator vəzifəsini icra edib.

Vernidubun korpusunda ümumilikdə 6 nəfər yer alacaq. Onlardan 4-ü öz tanışlarıdır.

Əsas köməkçisi oğlu Vitali Vernidub olacaq. «Şerif»in sabiq sükançısı fiziki və taktiki hazırlıq, həmçinin analitik vəzifələrini həmyerlilərinə əmanət edib.

“Neftçi“nin dəvəti ilə Azərbaycana gələn Yuri Vernidub klub rəhbərliyi ilə görüşüb.

Komandanın sükanı arxasına keçməyə ən real namizəd olan ukraynalı müqavilənin müddəti və şərtləri ətrafında müzakirə aparıb.

Düşərgədən redaksiyamıza daxil olan məlumata görə, o, burada çalışmağa çox həvəslidir.

Hər halda Vernidub üzbəüz söhbətlər zamanı kifayət qədər pozitiv danışıb, “Neftçi“ kimi tarixi klubda işləməkdən ötrü hər cür kompromisə getməyə hazır olduğunu bildirib.

Sadəcə, bəzi xırda detallar qalıb ki, onun da gün ərzində razılaşdırılması gözlənilir. Son anda möcüzə baş verməsə, tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq.

Qarşıdakı zaman kəsiyində uğur əldə etsə, müqaviləsinin müddəti azı daha bir il uzadılacaq.

Ukraynadakı qaydalara əsasən, 60 yaşı tamam olmayan kişilərin ölkədən çıxışına icazə verilmir.

Ancaq “Neftçi” ilə Ukrayna dövlət qurumları arasında aparılan danışıqlar nəticəsində gələn ay 60 yaşı tamam olacaq Vernidubun ölkədən çıxışına icazə verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti