"Neftçi"nin sabiq legioneri Bruno Bertuççi Brazliyanın GE nəşrinə müsahibə verib.
Sportinfo.az xəbər verir ki, dopinq cəzasına görə karyerasını erkən bitirməsindən danışan braziliyalı müdafiəçi "Neftçi"dəki günlərini də xatırlayıb.
Braziliya nəşri Bertuççinin Azərbaycanda ayda 30 min dollar maaş aldığını da yazıb. "Neftçi" karyerasında yaxşı pul qazandığını etiraf edən Bertuççi bu vəsaiti düzgün istifadə etmədiyini bildirib:
"Milyonçu olmadım, amma varlandım. Zəngin oldum.
Pul yığmaq, biznes qurmaq və karyeramdan sonrakı dönəm haqqında düşünmək üçün maliyyə biliyim yox idi. Sadəcə hər şeyi xərclədim.
Hamısını mülklərə xərclədim. Birini alıb irəliləmək əvəzinə, birdən-birə bir dəstə almaq istədim.
Hər şeyim var idi, amma əslində heç bir şeyim yox idi. Çünki heç bir nəticə vermədim.
Burada, Braziliyada üç-dörd maşınım var idi. Xaricdə yaşayırdım və istifadə etmədiyim maşınlar üçün pul ödəyirdim.
Enerjini gecə klublarında istifadə edirdim. Gecə həyatı məni təhlükəyə atırdı".
2012-2014-cü illərdə “Neftçi”də çıxış edən Bertuççi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib.
"Neftçi"dən getdikdən sonra dopinq testi müsbət çıxdığına görə 2 illik futboldan uzaqlaşdırılan Bertuççi 2019-cu ildə - 29 yaşında karyerasını başa vurub.

