«Neftçi»nin Yuri Verniduba təklif etdiyi müqavilənin müddəti bəlli olub.
Bakılılar ukraynalı mütəxəssislə ilkin mərhələdə 1,5 illik müqavilə bağlamaq niyyətindədir.
İşbirliyinin davam etməsi birinci növbədə onun həmin zaman kəsiyində əldə edəcəyi nəticələrdən asılıdır. Əgər o, komandanı Avropa arenasına çıxararsa və burada da uğur qazanarsa, kontrakt daha 2 il uzadılacaq.
Hələlik tərəflər arasında danışıqlar bitməyib, davam edir.
Noyabrın 24-də Samir Abasovu istefaya yollamış, o tarixdən bəri Sənan Qurbanovun ümidinə qalan «ağ-qaralar»ın 59 yaşlı çalışdırıcı ilə hələ nə qədər telefon görüşmələri keçirəcəyi məlum deyil. Proses bundan sonra 3-4 gün də çəkə bilər, bir neçə həftə də.
Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.
Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.
«Neftçi» rəhbərliyi hazırda səfərbər vəziyyətdədir. Samir Abasovun qara günə qoyduğu komandanı dirçəltmək üçün bütün ümidlərini ona bağlayıblar.
Səlahiyyətli şəxslər bütün əlaqələrini işə salıb ki, Vernidubun təyinatı baş tutsun. 24 gün iş görür, aldıqları hər xəbəri müzakirə edir, çıxış yolu axtarırlar.
Yəni ki. yatmaq söhbəti yoxdur.
Müxtəlif səviyyələrdə Ukraynanın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. Hələlik nəticədən danışmaq tezdir? Yəqin ki, proses hələ bir neçə gün belə davam edəcək.
Təcrübəli mütəxəssis daha əvvəl vətənində "Metallurq", "Zarya", "Krivbass", Belarusda "Şaxtyor", Moldova da isə "Şerif"in baş məşqçisi olub.
Vernidub son 3 ili ölkəsində - «Krivbas»ın sükanı arxasında keçirib. Kayrerasının ən böyük uğurunu 2020-2022-ci illərdə qazanıb.
«Şerif»i Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb. Moldova komandası həmin vaxt «Real»ı udmaqla bütün Avropaya səs salıb.
SPORTİNFO.AZ

