Polşa mediası "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin (Mateusz Kochalski) Avropanın bir neçə tanınmış klubunun maraq dairəsinə düşdüyünü yazır.
Sportinfo.az xəbər verir ki, bu maraq xüsusən 25 yaşlı qapıçının Çempionlar Liqasının Liqa mərhələsindəki uğurlu oyunlarından sonra daha da artıb.
Polşanın gol24.pl saytı İtaliyanın "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, Koxalski artıq A Seriyasının son qalibi "Napoli"nin də maraq dairəsinə düşüb.
Eyni zamanda, Almaniyanın "Borussiya" Dortmund klubunun da bir müddət əvvəl qapıçı ilə maraqlandığına dair xəbərlər yayılıb.
"Corriere dello Sport" yazır ki, Bundesliqa klubu artıq polşalı oyunçunun transferini reallaşdırmaq qərarına gəlib. Onun artıq qış transferi pəncərəsi dövründə "Qarabağ"dan Almaniya təmsilçisinə transfer oluna biləcəyi iddia edilir.
Əgər belə olarsa, Koxalski yanvarda ÇL-in son iki turunun "Ayntraxt"la (Almaniya) ev, "Liverpul"la (İngiltərə) səfər matçında "Qarabağ"a kömək edə bilməyəcək.
Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında başa çatır. Odur ki, həmin müddətə qədər onu heyətində görmək istəyən klub Ağdam təmsilçisinə təzminat ödəməlidir.

