"Neftçi"nin tapılmayan dərdi - Yeni baş məşqçi çıxış yolu deyil!

19:00 Neftçi 80
"Neftçi"nin tapılmayan dərdi - Yeni baş məşqçi çıxış yolu deyil!

"Neftçi" yeni baş məşqçi axtarışlarını davam etdirir. Ən real namizəd isə ilk gündən dediyimiz kimi, ukraynalı Yuri Vernidubdur.

Kimin olub-olmayacağını isə yaxın gələcək göstərəcək.

Mənim demək istədiklərim isə başqadır.

Bu klubun ümumiyyətlə problemi baş məşqçi deyil.

Avropa səhnəsində uğurları ilə tanıdığımız Roman Qriqorçuk pis oldu, yaxşı futbolçu karyerası olan, gənc, enerjili Adrian Mutu pis oldu, zəngin təcrübələri olan Miodraq Bojoviç, Laurentsiu Regekapmf pis oldu, sonuncu çempionluğu qazandıran Samir Abasov da pis oldu?

Razılaşmıram.

Bəs heyət?

Məsələn, Qriqorçukun dönəmindən yığılan heyətin uğursuz seçimlər toplusu olduğu aydın sezilirdi.

Amma Adrian Mutu, Laurentsiu Regekapmf və son olaraq Samir Abasovun dönəmində çox yaxşı heyət formalaşdırmaq mümkün olmuşdu.

Amma yenə nəticələr gəlmədi.

İlk baxışdan baş məşqçi seçimləri bərbad deyil, heyətdə normal transferlər cəm edilir.

Hər halda, bütün bunlar havadan sudan deyil. Rəhbərliyin əməyidir. Böyük pullar ayrılır.

Qınayırdıq ki, yerli baş məşqçi olsun, Abasovu gətirməklə tənqidlərə qulaq asmış oldular.

Baş məşqçilərin tez-tez əvəzlənməsi qınanılırdı.

Rəhbərlik Abasova 1 ildən artıq səbr etdi.

Baxanda hər şey qaydasında kimi görünür.

Yaxşı pul xərclənir, normal baş məşqçilər kluba dəvət olunur, yaxşı karyerası olan futbolçular transfer edilir.

Çatışmayan tək şey nəticədir.

Bunun önünə keçən, mane olan, suları bulandıran "qara qüvvə" kimdir/nədir?

Baxın, bu gün yeni baş məşqçidən çox bu sual ətrafında baş sındırmaq lazımdır.

Daxildən məlumatsızam. Amma mütləq ki, cavab var. Məncə, rəhbərlik bu dəfə mətbəxdə də ciddi kəşfiyyat aparmalıdır.

Ola bilsin yola salınan baş məşqçi və futbolçularla bərabər getməli olan başqa adlar da üzə çıxmış olsun.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 17:20 II Liqada 4:1 günü