Yuri Vernidubun “Neftçi”yə təyinatı düyünə düşüb.
Bu iddia ilə Ukrayna mətbuatı çıxış edib.
Yerli həmkarlarımızın yazdığına görə, 59 yaşlı mütəxəssislə ilkin razılıq əldə olunsa da, onun Bakıya gəlişi hələ reallaşmayıb.
İş burasındadır ki, Vernidub Ukraynanı yalnız 60 yaşı tamam olduqdan sonra tərk edə bilər.
O, hərbi səfərbərlikdən azad olmaq üçün yanvarın 22-nə qədər gözləməlidir. Mütəxəssis yalnız həmin gündən sonra qanuni olaraq ölkəsini tərk edə bilər.
Bu da o deməkdir ki, “Neftçi” hələ iki ay baş məşqçisiz qalmalıdır. Ukraynalı jurnalistlərin fikrincə, paytaxt klubunun rəhbərliyi buna müsbət yanaşmır.
Buna görə də bakılılar yaxın günlərdə müsbət nəticə əldə edə bilməsə, digər variantlara nəzər yetirəcək. Saytımız son xəbərin arxasınca gedib.
“Neftçi”dən əldə etdiyimiz məlumata görə, Ukrayna KİV-nin iddiası həqiqətdən uzaqdır. Yönətim Vernidubla danışıqlara ara verməyib, gündəlik təmas davam eləməkdədir.
Onun yolunu hələ də burada gözləyirlər və inanırlar ki, “Şerif”in sabiq çalışdırıcısının üzləşdiyi problemin həlli üçün uzun müddət gözləmək lazım gəlməyəcək.
Hətta proses ilin sonunadək çəksə belə! Başqa sözlə, o, bakılıların bir nömrəli namizədi olaraq qalmaqdadır.
SPORTİNFO.AZ

