İqor Ribeyro dünənə qədər Premyer Liqanın ən etibarlı müdafiəçilərindən hesab olunurdu.
Bu gün adı heç “5-lik”də belə yoxdur.
“Araz-Naxçıvan”da oynadığı dönəmdə “əjdaha dərisi geyinərək” özünü qiymətə mindirən braziliyalı yayda “Neftçi”nin baş məşqçisi Samir Abasovun diqqətini çəkməyi bacarmışdı.
47 yaşlı mütəxəssisin rəhbərlikdən tələb etdiyi ilk futbolçu məhz İqor idi. Ki, onu sərəncamıma verin, arxa xətdəki problemlərin 70-80 faizi həll olunsun.
Uzun sürən danışıqlardan sonra Ribeyroya ağ-qara formanı geyindirmək arzusu reallaşdı. Və bu keçid üçün “Neftçi”nin büdcəsindən kifayət qədər ciddi məbləğ xərcləndi. “Araz”a ödənilən təzminat+özünə təklif olunan 2 illik əməkhaqqı. Hamısı bir yerdə 1 milyon manatdan çox.
Ümid böyük idi ona. Həm bacarığı var, həm də çempionatımızı, rəqibləri yaxından tanıyır, ölkəmizə bələddir. Uyğunlaşmağa əlavə vaxt itirməyəcək.
Hanı Ribeyro? Meydanda varlığı ilə yoxluğu bilinirmi? Azərbaycanlı və özündən 2-3 dəfə az maaş alan Elvin Bədəlovdan fərqi nədir? “Neftçi”yə gələndən hansı oyunu inanılmaz dərəcədə möhtəşəm keçirib? Sıralanan mövqe səhvlərini görürsüzmü?
“Araz”dakı futbolçudan əsər-əlamət qalmayıb. Nə gözlərindəb alov var, nə oyununda partlayış. Ruhdan düşmüş, əlləri hər yerdən üzülmüş futbolçu təsiri bağışlayır.
Uzağa boylanmağa gərək yoxdur, “Qarabağ” və “İmişli” ilə matçlarda buraxılan 5 qola baxın. Diqqətlə baxın, rəqibin qolları zamanı gözləriniz Ribeyronu axtarsın.
“Neftçi”də ən çox güvənilən adam rəqiblərin əlinə su tökürsə, İmad Farajdan, Freddi Varqasdan, Bassala Sambudan nə gözləyək?
HƏBİB / SPORTİNFO.AZ

